-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Düşmənlərin qorxulu kabusu olan - “Difai” Partiyası

"Biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik!"

03:54:01 | 2020-11-21

1905-ci ildə çar höküməti tərəfindən himayə edilən erməni silahlı dəstələri “Daşnaksütyun” partiyasının rəhbərliyi altında Zəngəzurda, İrəvanda, Naxçıvanda, Qarabağda yaşayan azərbaycanlılara qarşı soyqırıma başlayır. Erməni quldur dəstələrinin silahlandırılmasında Bakı neftinin hesabına varlanmış erməni milyonerləri Adamov, Tumanyan, Mirzebekyan və başqaları həmçinin, Avropa ölkələrində yaşayan ermənilər böyük rol oynayırdılar.

Azərbaycan xalqı üçün belə bir ağır məqamda ideoloq Əhməd bəy Ağayev mənsub olduğu millətin mənafeyini müdafiə etməyə çalışırdı.

1906-cı ilin fevralında ermənilərlə münasibətləri qaydaya salmaq üçün Tiflisə, Qafqazın canişini Vorontsov-Daşkovun yanına gedən 9 nəfərlik Azərbaycan nümayəndə heyətinin tərkibinə qatılan Əhməd bəy Ağayev orada nümayəndə heyətimizin əsas söz deyənlərindən biri olmuş, həm erməniləri, həm də erməni quldur dəstələrinə himayə edən çar məmurlarını ifşa etmişdir.

Əhməd bəy Ağayev çıxışlarının birində “Daşnaksütyun”la çar məmurlarının yaxınlığını ifşa edərək bildirmişdir: “İndiki bir müsəlləh partiya 15 ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib nəinki əlac etməyir, bəlkə elə onunla həməqidədirlər. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bizdə də gərək “daşnaksütyunlar” olsun”?...

Qafqaz canişini Vorontsov-Daşkovun və ermənilərin qarşısında çıxış edən Əhməd bəy Ağayev daha sonra qeyd edir ki: “Əgər, daşnaklar fəaliyyətini dayandırmaq barədə tələblərimizi cavabsız qoyarsa, onda bizim özümüzü və öz soydaşlarımızı müdafiə etmək üçün döyüş dəstələri yaradacağıq”.

Beləliklə, Tiflis sülh danışıqlarının bir nəticə vermədiyini, azərbaycanlılara qarşı qırğınların davam etdiyini görən Əhməd bəy Ağayev Qafqazın müsəlman əhalisini müdafiə üçün partiya yaratmağı qərara alır.

1906-cı ilin martında Tiflisdən qayıdanda Gəncədə olan Əhməd bəy burada “Difai” (Müdafiə) adlı partiyanın yaradılmasını bəyan edir. “Difai” partiyasının Gəncə şöbəsinə xalq içərisində nüfuza malik Axund Molla Məhəmməd Pişnamazzadə və Ələkbər bəy Rəfibəyov rəhbərlik edirdi. Ələkbər bəy və Ələsgər bəy Xasməmmədov qardaşları, Həsən bəy Ağayev, Mirzə Məhəmməd Axundzadə, Nəsib bəy və Həmid bəy Usubbəyov qardaşları, Şeyxzamanov qardaşları və başqaları şöbənin fəal üzvləri idilər.

Ucaboylu, mərd, ciddi və xalqını sevən bir şəxs olan Ələkbər bəy Rəfibəyov Gəncədə erməni quldurlarına qarşı aparılan döyüşlərə bacarıqla rəhbərlik edir, ermənilərə qarşı mübarizəyə xalq qəhrəmanı Dəli Alının silahlı dəstələrini də cəlb edirdi.

1906-cı ilin avqust ayında isə Şuşaya gələn Əhməd bəy Ağayev Kərim bəy Mehmandarovun evində qonaq olur. Bu məclisdə də “Difai” partiyasının Şuşa şöbəsi yaradılır. Partiyanın Şuşa şöbəsinin sədrliyinə Kərim bəy Mehmandarov, üzvlüyünə isə Məşədi Əhməd Xasıyev, Hacı Sadıq Məmmədov, Əfrasiyab Əzimov və Nəcəfqulu ağa Cavanşir seçilirlər.

“Difai” partiyasının Ağdam şöbəsinə isə Xasay bəy Usmiyev rəhbərlik edirdi. Vladiqafqazda yaşayan Xasay bəy tez-tez Ağdama baş çəkir, partiyanın fəaliyyəti ilə yaxından məşğul olurdu. Onun köməkçiləri Səlim bəy Rüstəmbəyov, Cəfər bəy və Qasım bəy Vəzirov, Qəhraman ağa Cavanşir idi.

Tərtərdə, Naxçıvanda, Yevlaxda, Qarsda, Vladiqafqazda, Qaryagində, Qarsda və digər bölgələrdə də “Difai” partiyasının şöbələri yaradılır.

“Difai” partiyasının proqramında deyilirdi: “Hərbi işlərdən, ümumi qanunvericilik, dövlət vergiləri, yüksək dövlət məmurlarının təyini, müsəlmanların bütün ictimai-siyasi, mədəni-maarif, dini-əxlaqi, məhkəmə sərvət işləri dövrün tələblərinə cavab verən islam qanunları əsasında fəaliyyət göstərməli olan “Difai” partiyasının və onun göstərişi ilə hərəkət edən idarələrin, məclislərin ixtiyarına verilir. Müsəlmanların mülki və sərvət məsələləri, yerli və ali orqanlara nümayəndələr təyini, məktəb, mətbuat işləri və s. partiyanın ixtiyarına keçir”.

“Difai” partiyasının 1906-cı ilin payızında gizli yayılmış bəyanatında isə deyilirdi: “Partiyanın, ələlxüsus, təqib edəcəyi şəxslər o adamlar olacaqlar ki, camaat arasında təfriqə salırlar, camaatın cahillərini dəstə-dəstə edərək, düşmən partiyalar yaradaraq, aralarına ədavət buraxırlar və bu vasitə ilə millətimizin məhv və nabüd olmasına səbəb olurlar”.

“Difai” partiyasının Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Partiyanın Bakı komitəsinə Əhməd bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov və s. başqa şəxslər daxil idilər.

Partiyanın digər bəyannaməsində qeyd olunurdu: “Partiyanın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah “Daşnaksütyun” partiyasının öz proqramı Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman, biz öz birlik əlimizi ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi müsəlmanların üzərinə hücum edilərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa bitməz-tükənməz qanlı səhnə halına düşər”. Bəyannamənin sonunda partiya qəti olaraq bildirirdi: “Daşnak firqəsi əmin olsun ki, biz heç vaxt öz millətimizin bədbəxtliyi və külü üzərində, erməni millətinin xoş və firəvan yaşamasına yol vermərik”.

“Difai” partiyası demək olar ki, tez bir zamanda fəaliyyətə başladı. Toplanılan pul vəsaiti hesabına çar məmurlarından, Qafqazda yerləşən rus qoşunu hissələrindən, İrandan, Türkiyədən silahlar alındı, Xalqın, Millətin azadlığı uğrunda canından keçməyə hazır olan insanlara döyüş təlimləri keçildi. “Difai” partiyası öz mübarizəsində terrora qarşı “terror”dan istifadə edir, azərbaycan türklərinə qarşı divan tutan ermənilərə və ermənilərə himayədarlıq edən çar məmurlarının layiqli cəzasını verirdi. Belə ki, Şuşanın general-qubernatoru Qoloşapov azərbaycan türklərinə qarşı qırğında ermənilərə kömək etdiyi üçün 1906-cı il noyabr ayında Tiflisdə “Difai” partiyasının üzvü qarabağlı Hüsü tərəfindən qətlə yetirilir.

1905-ci ildə Naxçıvan bazarında azərbaycan türklərinin dükanlarının, mallarının talan edilməsinə bais olduğu üçün Naxçıvan polis rəisi Engel 1906-cı ilin dekabrında partiyanın üzvləri tərəfindən öldürülmüşdür.

Gəncə general-qubernatorluğunun dəftərxana rəisi, rus generalı Kreşinski erməni-müsəlman davası zamanı ermənilərə kömək etdiyi üçün rus zabiti Kazarovla birlikdə 1907-ci ilin aprelində gəncəli Mir Əli tərəfindən qətlə yetirilmişdir.

Tərtər polis rəisi Felikinski, Şuşada “Dəli sudya” adı kimi tanınan hakim Lunyakin partiyanın tapşırığı ilə Şuşalı Bilal adlı şəxs tərəfindən qətlə yetirilmişlər.

“Difai” partiyası müsəlman satqınlarına qarşı da amansız idi. Gəncə həbsxanasının mollası Atakişi, Molla Hadı, quberniyanın polismeysteri İsrafilbəyov, Xankəndi postunun rəisi Şahmərdanov partiya üzvlərini ermənilərə satdıqları üçün qətlə yetirilmişlər.

Çar Rusiyasında P.A.Stolipin 1908-cı ildə vəzifəyə təyin edildikdən sonra “Difai” partiyasına və onun rəhbəri Əhməd bəy Ağayeva qarşı təzyiqlər artmağa başlayır. Qafqaz canişininin 1908-ci il il 4 mart tarixli fərman ilə "Difai" Partiyasının fəaliyyəti qadağan edilir. Əhməd bəyin rəhbəri olduğu “İrşad” qəzeti qapadıldı, özü isə 1908-ci ildə Bakıda Filarmoniya binasındakı çıxışından sonra şəhər qoçuları tərəfindən vəhşicəsinə döyülür və bu hadisədən sonra ailəsi ilə birlikdə 1909-cu ildə Türkiyəyə mühacirətə getməli oldu.
"Açıq söz" qəzetinin 1917-ci il oktyabrın 13-də yazdığına görə, Azərbaycan siyasi partiyalarının Gəncə müşavirəsində Nicat və “Difai” inqilabi partiyalarının nümayəndələri proqramları uyğun gəldiyi üçün Müsavat Partiyasına daxil olublar. “Difai” partiyasının fəal üzvlərindən M.Axundzadə, M.Pişnamazzadə, M.Rəfiyev, Ə.Əzimov, Ə.Xasməmmədov və başqaları 5 il müddətinə Rusiyanın müxtəlif yerlərinə sürgün edilmişdilər.

1917-ci ilin sonlarına yaxın Difai Partiyasının Qafqazda nüfuzu qalsa da, o artıq tarixi missiyasını yerinə yetirmişdi.

2021-ci ildə “Difai” partiyasının yaradılmasının 115 illiyi tamam olur. Bu partiyanın 115 il əvvəl gördüyü işləri cəmiyyətə, gənclərə çatdırmaq onun igid, döyüşkən üzvlərini geniş oxucu kütləsinə tanıtdırmaq üçün elmi konfranslar keçirilməli və verilişlər hazırlanmalıdır.

“Difai” partiyasının fəal üzvlərinin adlarının əbədiləşdirmək üçün Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Qazaxda və başqa şəhərlərimizdə küçələrə onların adları verilməlidir.

Vüqar Həsənbəyli


ETİKET :  

Daha Çox