-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Daşınmaz əmlakın qeydiyyatı ilk dəfə Gəncədə olub - 206 il əvvəl

Azərbaycanda ilk dəfə daşınmaz əmlakın qeydiyyatı 206 il əvvəl Gəncədə olub.

02:38:38 | 2020-06-06

GancaPost.info xəbər verir ki, ölkə ərazisində daşınmaz əmlakın ənənəvi, adət etdiyimiz formada qeydiyyatı o qədər də uzaq olmayan tarixdə, təqribən 206 il bundan əvvəl başlayıb.

İlk dəfə olaraq 206 il əvvəl - 1814-cı il mayın 19-da Yelizavetpol (Gəncə) Müvəqqəti Dairə Məhkəməsinin qeydiyyat kitabında ilk əmlak qeydiyyata alınıb. Bundan 2 il sonra, 1816-cı il dekabrın 22-də Bakıda və onun ətrafında yaşayan əhalinin daşınmaz əmlakı siyahıya alınıb. 1832-ci ildə isə proses Abşeron yarımadası da daxil olmaqla Şimali Azərbaycanın bütün ərazisini əhatə edib. Hər iki siyahıyaalmada məqsəd daşınmaz əmlakları vergiyə cəlb etmək idi. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı rəsmi reyestr kitabları isə ilk dəfə Çar Rusiyası dövründə, 1868-ci ildə formalaşdırılıb.

Azərbaycanda daşınmaz əmlaka dair hüquqi münasibətlər 18-ci əsrədək formalaşmamışdı. Baxmayaraq ki, artıq regional mərkəzə çevrilən şəhərlərdə daşınmaz əmlakların sayı və əhəmiyyəti sürətlə artırdı.

Ölkədə daşınmaz əmlakın siyahıya alınması və qeydiyyatı sisteminin yaradılmasına 19-cu əsrin əvvəllərindən başlandı. 1814-cü ildə rus çarının Gürcüstanda yerləşən səlahiyyətli nümayəndəsi - canişinin sərəncamı ilə Yelizavetpol (Gəncə) Müvəqqəti Dairə Məhkəməsi yaradıldı. Dairə məhkəmələri mübahisələrin həlli ilə yanaşı, əmlakın qeydiyyatı ilə də məşğul idi. Nəhayət, 1868-ci ildə isə Bakı və Yelizavetpol üzrə artıq müvəqqəti yox, daimi Dairə Məhkəmələri təsis edildi.

Yeri gəlmişkən, Yelizavetpol (Gəncə) Müvəqqəti Dairə Məhkəməsinin qeydiyyat kitabı bu günə qədər qorunub-saxlanılır. Kitab 18 may 1814-cü ildən 31 dekabr 1815-ci ilə qədərki dövrü əhatə edir. Buradakı ilk əmlak qeydi 1814-cü il mayın 19-da, yəni 206 il əvvəl aparılıb. Azərbaycanın ilk notariusları da məhz elə adı çəkilən məhkəmələrin tərkibində fəaliyyət göstəriblər və 1918-ci ildə qədər mülkiyyət hüquqlarının qeydə alınmasında iştirak ediblər.

Notariuslar daşınmaz əmlaka dair hüquqları 2 kitaba qeyd edirdilər. Bu kitablardan biri “Mülk kitabı” adlanırdı. Məsələn, 1868-ci ildən qalma, rus dilində tərtib olunmuş “Bakı notarial arxivinin mülk kitabı”nda mülkiyyətin yaranmasına, başqasının ixtiyarına keçməsinə dair qeydlər və bununla bağlı hüquqi əsaslar öz əskini tapıb.

“Mülk kitabı”nda qeydin başlanma və qurtarma ili göstərilir, kitabın səhifəsi və qeydə alınan nömrə həm mülk kağızına, həm də notariusda aparılan 2-ci kitaba – “Mülk işlərinin reyestri kitabı”na yazılırdı. Başqa sözlə, “Mülk işlərinin reyestri kitabı”nda vətəndaşa verilmiş qeydiyyat şəhadətnaməsinin (ona “Qəbalə kağızı” deyilirdi) hansı reyestr nömrəsi ilə, hansı səhifədə və neçənci ildə qeydə alındığı göstərilirdi.

Notariusların verdiyi mülkiyyət kağızları rus və ərəb dillərində tərtib olunur, mülkiyyətçiyə o vaxtkı pulla 1 manat 25 qəpiyə başa gəlirdi. Bunu mülkiyyət kağızının üzərinə vurulan möhürdən görmək mümkündür.

Dairə məhkəmələrinin tərkibində fəaliyyət göstərən notariuslar dövlət notariusları hesab olunurdu. Bundan başqa, Bakıda özəl notariuslar da var idi. Məsələn, 1908-ci ildə tərtib olunmuş və bu günə qədər qorunub-saxlanılan daşınmaz əmlaka dair akt kitabının müəllifi Siquzmund Venediktoviç Belinski özəl notarius kimi tarixə düşüb.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə mülkiyyət münasibətləri də yeni məcraya keçdi. 1918-ci ilin mayında Bakı Xalq Komissarları Soveti Bakı dairə məhkəməsini, Azərbaycan İnqilab Komitəsi 25 may 1920-ci ildə Yelizavetpol dairə məhkəməsini ləğv elədi.

1921-ci ilin iyun ayına qədər isə sahibkarlara məxsus daşınmaz əmlaklar dövlət mülkiyyəti elan edilərək milliləşdirildi. Vətəndaşların mülkiyyətində yalnız bir yaşayış evinin olmasına icazə verildi.

1928-ci ildən başlayaraq həm dövlətə, həm də vətəndaşlara məxsus daşınmaz əmlakların idarə olunması yerli kommunal təsərrüfatı orqanlarına həvalə olundu. Hacı, Məşədi titullu mənzil mülkiyyətçiləri isə dolayısı ilə daşınmaz əmlak bazarından sıradan çıxarılmışdı. 100 il əvvəlin tanınmış milyonçuları sayılan Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev də kənarda qalmadı. Onların tikdirdiyi və o vaxtlı dövr üçün elit daşınmaz əmlaklar hesab olunan imarətlər avtomatik olaraq dövlətin əlinə keçdi.

Şəhərlərdəki torpaq sahələri isə 1927-ci ildən etibarən onlardan istifadə edənlərin adına qeydiyyata alınır və mülkiyyətçilərə “Torpaq qeydi” verilirdi. Məsələn, indiyə qədər saxlanılmış belə torpaq qeydlərindən biri 6 avqust 1930-cu il tarixində Quba Qəza İcraiyyə Komitəsinin təsərrüfat şöbəsi tərəfindən Əliabbas Kərəm oğlu adlı vətəndaşa təqdim olunub.

Vətəndaşlara ayrılmış torpaq sahələrində yerləşdirilən hər bir tikili və qurğu sahibinə isə yerli kommunal təsərrüfat orqanları tərəfindən torpağın, tikili və qurğunun texniki göstəricilərini özündə əks etdirən “inventar qeydi” (texniki pasport) verilirdi. Belə texniki pasportlar da axrivdə qalmaqdadır. Məsələn, onlardan birini 1937-ci ildə Kürdəmir şəhər kommunal təsərrüfat şöbəsi tərtib edib.

Artıq Sovet dövründə 1948-1977-ci illəri əhatə edən qeydiyyat sənədi «Çıxarış» adı ilə verilirdi. Bu sənəd kiril əlifbası ilə həm azərbaycan, həm də rus dillərində yazılırdı.

Daşınmaz əmlakın kommunal təsərrüfat şöbələri tərəfindən idarə olunması 20-ci illərin sonlarından 80-ci illərin sonlarına qədərki dövrü əhatə edib. 1987-ci ildən başlayaraq isə daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə arxiv materialları əsasında texniki inventarlaşdırma büroları yaradılıb. Amma SSRİ-nin dağılması isə adı çəkilən büroların fəaliyyəti çox çəkmədi. Bununla belə, həmin büroların verdiyi orderlər, qeydiyyat sənədləri müstəqillik dövründə minlərlə ölkə vətəndaşının daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının tanınmasında mühüm rol oynadı. Ölkənin daşınmaz əmlak bazarı isə 1993-cü ildə, “Yaşayış sahələrinin özəlləşdirilməsi haqqına Qanun”un Milli Məclisdə qəbulundan sonra formalaşdı.

Əmlak Məsələləri Dövlət Xidmətinin tarixi sənədləri arasında 1978-1987-ci illəri əhatə edən yenilənmiş qeydiyyat sənədi, 1987-1991-ci illərə dair nümunələr də var. Ölkəmizin müstəqillik qazanmasından sonra isə 1992-92-cü illərə dair qeydiyyat sənədi qüvvədə olub. O dövrdə əlifbamız hələ formalaşmadığı üçün sənəd rus dilində verilib. Sonrakı mərhələ 1993-1996-cı illəri əhatə edir. «Qeydiyyat vəsiqəsi» adlanan sənəd yeni qəbul edilmiş latın əlifbası ilə yazılıb. Daşınmaz əmlakın qeydiyyatı sənədi 1999-2006-cı illərdə də təkmilləşərək dəyişikliyə məruz qalıb. (Daşınmaz Əmlak” jurnalı)

Bir məsələni də qeyd edək ki, qeydiyyatın başlandığı vaxt o qədər də uzaq olmasa da, Azərbaycanda əmlak münasibətlərinin tarixi təxminən 1000 il əvvələ, 7-9-cu əsrlərə gedib çıxır. Tarix boyu hökmdarlar nəzarət etdikləri ərazilərin sakinlərindən vergi toplayıblar. Bəzən isə xüsusi qərarla hansısa kənd vergidən azad olunub, daha dəqiqi vergilər kəndin yeni sahibinə ödənilib. Məsələn, Eldəgizlər dövlətinin hökmdarı Qızıl Arslan 12-ci ərsdə Gəncə yaxınlığındakı Həmdünyan kəndini Azərbaycanın böyük şairi Nizami Gəncəviyə bağışlayıb. Hökmdarın bununla bağlı fərmanında göstərilirdi ki, adı çəkilən kənd «qiyamətə qədər» şairə məxsus olacaq və kənd sakinləri vergiləri büdcəyə yox, şairə ödəyəcəklər. Yəni, Həmdünyan Nizaminin özəl mülkü olub.


ETİKET :  

Daha Çox