-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

1787-ci il ABŞ Konstitusiyası

1787-ci il Konstitusiyasına görə, ABŞ Konqressi iki palatadan - Nümayəndələr palatasından və Senatdan ibarətdir.

02:18:22 | 2019-04-29

Daniel Şeysin üsyanının yatırılmasından sonra Filadelfiyada Vaşinqtonun sədrliyi ilə “Konstitusiya Konventi”nin sessiyası açıldı. 1787-ci ilin may-sentyabr ayları ərzində bu sessiyanın işi gizli keçirilirdi. Bu konvent bu günə qədər bir neçə dəyişiklik edilməsilə qüvvədə olan yeni konstitusiyanı işləyib hazırladı. İstər Konstitusiyanın mətni o qədər də əhəmiyyət kəsb etməyən dərəcədə dəyişilmişdirsə də, lakin konstitusiyadan danışarkən ABŞ tarixi ərzində sinfi qüvvələrin münasibətlərinin dəyişməsini də nəzərə almaq lazımdır.

1787-ci il ABŞ Konstitusiyasının işlənib hazırlanması zamanı gedən mübahisəli məsələlərdən biri dövlət hakimiyyətinin mərkəzləşdirilməsi və ən başlıcası bu mərkəzləşdirilmənin dərəcəsinin sinfi xarakteri məsələsi idi. Nyu-Yorkun təmsilçisi Hamilton və bir çox başqaları ABŞ-da monarxiyanın bərpa olunması fikirlərini heç də gizlətmirdilər.

ABŞ Konstitusiyasının müəlliflərindən biri olan Con Cey bəyan etdi ki, rəiyyətin siyasi imtiyazlara malik olması o qədər də yaxşı hal deyil, o qeyd edirdi ki, fəhlənin yeri dəzgahın yanında, arxasında olmalıdır...Fermerin yeri isə kotanın arxasında olmalıdır, dövlət işlərilə isə varlılar və mötəbərlər məşğul olmalıdırlar.

Böyük güzəştlər hesabına Hamilton və onun həmfikirləri monarxiyanın qurulmasına deyil, ABŞ-da böyük səlahiyyətlərə malik olan ömürlük prezidentin seçilməsi ilə respublika quruluşunun yaradılmasına razılıq verdilər. Virginiyadan nümayəndə olan Medison belə hesab edirdi ki, prezident müddətə seçilməlidir, lakin onu da o tələb edirdi ki, senat ömürlük seçilmiş nümayəndələrdən ibarət olsun. Nyu-Cersi ştatının təmsilçiləri siyasi hakimiyyətin mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsini təkidlə tələb edirdilər.

Şimal ştatlarının ticarət burjuaziyasının və böyük torpaq sahibkarları hakimiyyətin mərkəzləşdirilməsini tələb edirdilərsə də, Cənub ştatlardan olan torpaq sahibkarları plantatorlar quldarlığın saxlanılması naminə ştatların müstəqilliyinin saxlanılmasını təkid edir və hakimiyyətin olduqca mərkəzləşdirilməsinə qarşı mübarizə aparırdılar.

Nəticə etibarilə Medison tərəfindən təklif edilən bir neçə dəyişikliklərlə yeni plan qəbul olundu ki, bu plana da əsasən ABŞ-da Respublika quruluşu saxlanıldı, Konqressdə iki palata və böyük səlahiyyətlərə malik olan prezident hakimiyyəti qəbul edildi.

ABŞ-da 1787-ci ildə qəbul edilmiş Konstitusiyaya görə Konfederasiyaların əvəzinə ştatların ittifaqı yaradılırdı. Yeni Konstitusiya mərkəzi hakimiyyətin güclənməsinə aparırdı. Lakin yerli məsələlərin həllində ştatlara olduqca geniş müstəqillik verilirdi.

İcra hakimiyyətinin başında dörd il müddətinə seçilən prezident dururdu. Prezident orduya və donanmaya komandanlıq edə bilər, senatın razılığı ilə məmurları vəzifəyə təyin edə bilər və senatdakı səslərin üçdə ikisinin səs çoxluğu ilə təsdiqlənən zaman beynəlxalq müqavilələr imzalaya bilərdi.

Nazirlər Kabinetinin başında da prezident dururdu. ABŞ-dakı Nazirlər Kabineti İngiltərədəki Nazirlər Kabinetindən fərqlənirdi. Əvvəla, Baş Nazirin özü prezident idi (kabinet üzrə onun müavini ABŞ-ın dövlət katibi, yəni xarici işlər naziri, əvvəlcə isə daxili işlər naziri kimi də fəaliyyət göstərirdi), ikincisi, ABŞ-da Nazirlər Kabineti Konqress qarşısında deyil, Prezident qarşısında məsuliyyət daşıyırdı. ABŞ Konqressi tərəfindən irəli sürülən Hökumətə və ayrılıqda götürdükdə hər hansı bir nazirə etimadsızlıq rəyi hər hansısa bir nazirin və ya bütövlükdə bütün Nazirlər kabinetinin istefaya göndərilməsinə əsas deyildir. Prezident isə hər hansısa bir naziri istefaya göndərə bilər.

“Konfederasiyanın Maddələri” tərəfindən müəyyən edilmiş maddələrdən fərqli olaraq Konqressin prezidenti ştatların hakimiyyətləri vasitəsilə fəaliyət göstərə bilərdisə, indi ABŞ prezidentinə hər hansı bir ştatdan yan keçməklə sərəncam vermək ixtiyarı verilmişdi.

1787-ci il Konstitusiyasına görə, ABŞ Konqressi iki palatadan-Nümayəndələr palatasından və Senatdan ibarətdir.

İki palatadan-Yuxarı palata-Senat və Aşağı palatadan-Nümayəndələr palatalarından ibarət ABŞ Konqressi ali qanunverici orqan oldu. Senatın üzvləri hər ştatdan iki senator olmaqla, Nümayəndələr palatasının üzvləri isə əhalinin sayına uyğun seçilirdi.

Ali məhkəmə də böyük səlahiyyətlər aldı. Ali Məhkəmənin üzvləri prezident tərəfindən ömürlük seçilirdi. Ali məhkəmə bu və ya digər qanunun, yaxud hakimiyyət orqanlarının hərəkətlərinin Konstitusiyaya uyğun olub-olmadığınını müəyyənləşdirir və lazım gəldikdə ləğv edirdi. Konstitusiya qulları onların sahibkarlarının mülkiyyəti kimi tanıdı. Ayrı-ayrı ştatlarda quldarlığı saxlamaq onların öz öhdəsinə buraxıldı. Hinduların torpaqları dövlətin mülkiyyəti elan edildi və hərraca qoyuldu.

ABŞ Konstitusiyası Avropadakı zadəgan monarxiyalarındakı qaydalara nisbətən irəliyə doğru addım idi, lakin bəzi müddəaları məhdud xarakter daşıyırdı. Konstitusiyada seçki hüquqları göstərilmir, ayrı-ayrı ştatların konstitusiyaları ilə müəyyənləşdirilirdi. Demək olar ki, bütün ştatlarda seçki hüququ almaq üçün mülkiyyətə-torpağa və ya kapitala sahib olmaq lazım idi. Qadınlar, zənci qullar, xırda fermerlər, fəhlələr, yoxsul sənətkarlar səsvermə hüququndan məhrum edilmişdilər. Onlar bu hüququ yalnız bir neçə onillikdən sonra aldılar. ABŞ-ın 3 milyon nəfərlik əhalisindən yalnız 120 min nəfəri səsvermə hüququ qazanmışdı.

1789-cu ildə Konqressə seçkilər keçirildi. Corc Vaşinqton (1732-1799) ABŞ-ın ilk prezidenti seçildi.

1791-ci ildə ABŞ Konstitusiyası “hüquqlar haqqında bil” ilə tamamlandı. Bu qanunlar vətəndaşlar üçün yığıncaqlar, söz, vicdan azadlığı müəyyənləşdirdi. Məhkəmənin qərarı olmadan özbaşına həbslər keçirmək qadağan edildi.

ABŞ Konstitusiyası vətəndaşların silah gəzdirmək hüququnu qəbul etdi. Hesab olunurdu ki, ağ fermerlər və plantatorlar qaradərili qullardan və hindulardan (xüsusilə də əksər hallarda hakimiyyət orqanlarından uzaqda yaşayan Qərbdə) müdafiə olunmalıdır.

ABŞ Konstitusiyasının əsas xüsusiyyətlərindən biri bu idi ki, o, dövlət suverenliyinin, dövlət hakimiyyətinin mənbəyini vətəndaşlarda görürdü, bu ideya XIX əsrdən bütün dünyada son dərəcə mühüm amilə çevrilmişdir. “Biz, Birləşmiş Ştatlar xalqı...Konstitusiyanı təntənə ilə bəyan və təsis edirik”. İstiqlaliyyət Bəyannaməsindən götürülmüş bu ideya bəyan edir ki, hökumət yalnız onun idarə etdiyi kəslərin razılığı ilə legitim olur.

Ola bilsin ki, ABŞ Konstitusiyasının ən diqqətə layiq xüsusiyyətlərindən biri hakimiyyət budaqlarının bölgüsüdür. Sənəddə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında dəqiq sərhəd çəkilmişdi. Konfederasiyanın Qanunlar Toplusunda hökm sürən praktikadan fərqli olaraq ABŞ-da Konstitusiyanın müəllifləri prezidentə böyük hakimiyyət vermişdilər. Eyni zamanda “əyləclər və balanslar” sistemi bir hakimiyyət budağının digəri üzərindəki hər hansı bir üstünlüyünü mümkünsüz edirdi. 1787-88-ci illərin payızında və qışında Konstitusiyanın ratifikasiyası üzrə geniş vüsət almış debatların gedişində yeni sənədin tərəfdarları-özlərini “federalist” adlandıranlar bu fikirdə idilər ki, yeni sənəd nəinki köhnənin qüsurlarını aradan götürəcək, həm də yeni millət üçün sülhü və təhlükəsizliyi müdafiə etməyə qabil olan güclü və eyni zamanda məhdudlaşdırılmış hökumətin yaradılmasını təmin edəcəkdir. Konstitusiyanın əleyhinə olanlar-“antifederalistlər” açıq-aşkar əlverişsiz vəziyyətdə idilər, çünki istər-istəməz etiraf etməyə məcbur idilər ki, Konfederasiya dövründə hökumətin fəaliyyət qabiliyyəti zəif idi. Belə olanda, antifederalistlər tələb etdilər ki, Konstitusiyaya "Hüquqlar Haqqında Bil" daxil edilsin. Federalistlər isə deyirdilər ki, buna elə bir ehtiyac yoxdur, çünki məhdud səlahiyyətli hökumət çətin ki, vətəndaşların hüquqlarını poza bilsin. Lakin, Tomas Cefferson Ceyms Medisona izah etdiyi kimi, “Hüquqlar Haqqında Bil” hansı hökumətin olmasından asılı olmayaraq hamının haqqı çatdığı bir şeydir və ədalətli hökumət bundan imtina etməməlidir”. Konstitusiyanın ratifikasiya edilməsindən sonra yeni hökumət quruldu və ABŞ Konqressi dərhal sənədə bir sıra nəzərdə tutulan düzəlişləri qəbul etdi və təsdiq edilmək üçün onu ştatlara göndərdi.

1791-ci ildə ştatlar bunlardan 10-nu bəyəndilər və o vaxtdan bu düzəlişlər “Hüquqlar Haqqında Bil” adı ilə tanınır. Sonralar digər düzəlişlər də təsdiq edildi, bunlardan bəziləri texniki xarakter daşıyır, lakin əksəriyyətində Amerika cəmiyyətinin daha çox demokratikləşdirilməsi-köləliyin ləğvi, seçki hüquqlarının genişləndirilməsi və hökumətin xalq qarşısında məsuliyyətinin artırılması, məsələn, birbaşa senator seçkilərinin keçirilməsi nəzərdə tutulub.

ABŞ-ın bütün tarixi boyu 5 minə yaxın düzəliş layihəsi irəli sürülüb və onlardan yalnız 26-sı zəruri mərhələləri keçərək qəbul edilib. ABŞ Konstitusiyasına ilk on düzəliş eyni vaxtda 1791-ci ildə qəbul edilib və "Hüquqlar Haqqında Bil" təşkil edir. "Hüquqlar Haqqında Bil" layihəsi 1789-cu ildə ABŞ Konqressinə təqdim edilmiş və ştatların zəruri sayı ilə 15 dekabr 1791-ci ildə ratifikasiya (təsdiq) edilmişdir.

ABŞ Konstitusiyası 200 ildən də böyük müddətdə xalqa sədaqətlə xidmət edib və bu həm də ona görə mümkün olub ki, onun müəllifləri ağıllı şəkildə etiraf edirdilər ki, bütün çətinlikləri qabaqcadan nəzərə almaq qeyri-mümkündür. Bu ideyanın ardınca gedənlər sənədi yeni tələblərə və mövcud reallığa uyğunlaşdıra biliblər.

Yəhya Yusifli (Süleymanov)


ETİKET :  

Daha Çox