-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Cavad xanın kötükcəsinin Azərbaycana gəlişinə kim mane olub?

"Novruz Məmmədov Cavad xanın kötükcəsinin Azərbaycana gəlişinə mane olub"

01:10:37 | 2020-01-28

Heydər Əliyevin tərcüməçisi işləmiş, Harvard Universitetinin məzunu, diplomat, Tahir Kərimov modern.az saytının suallarını cavablandırıb.

Tahir Kərimov müsahibəsində Cavad xanın kötükcəsi ilə bağlı da maraqlı məqama toxunub.

- Tahir müəllim, Siz uzun müddət Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsində çalışmısınız. Bir neçə gün əvvəl tanınmış jurnalist Aida Eyvazova bildirdi ki, Özbəkistanda ona Seyid Əzim Şirvaninin nəticəsi ilə görüşmək nəsib olub, şairin nəticəsi Fatma Şirvani Azərbaycana gəlmək istəsə də Elxan Süleymanov tərəfindən aldadılıb və PA Xarici Əlaqələr şöbəsinin o vaxtkı rəhbəri Novruz Məmmədov tərəfindən gəlməsinə mane olunub. Yazıdan sonra Novruz Məmmədov məsələdən xəbərsiz olduğunu bildirdi və saytımıza məlumatı dəqiqləşdirməyi tövsiyyə etdi. Özbəkistandakı səfirimiz Hüseyn Quliyevlə əlaqə saxladıq və səfir 2013-cü ildə Novruz Məmmədova məktubla müraciət etdiyini, uzun müddət "vaxtım yoxdur" cavabı aldığını və sonda Novruz Məmmədovun köməkçisindən Fatma xanımın qızının erməni millətindən olan adamla nigahda olduğu səbəbindən Azərbaycana gəlməyinin mümkün olmayacağını eşidib. Səfirin araşdırmaları isə müəyyən edib ki, Fatma xanımın qızı 1990-cı ildə rəsmi boşandığı həyat yoldaşının atası azərbaycanlı, anası isə yarı tacik yarı erməni olub və bu hal adamın Azərbaycana gəlməməsi üçün səbəb ola bilməz. PA daxil olan məktubla tanışsınızmı?

- 2013-cü ildə artıq PA-da çalışmırdım. Amma, Sizin müraciətinizdən sonra hər iki müsahibə ilə saytınız vasitəsilə tanış oldum. Açıqlamalarda paradoksal məqamlar çoxdur. Dünyada Özbəkistan adlı yalnız bir ölkə var və həmin ölkə ilə Azərbaycan arasındakı əlaqərə ən məsul şəxs də Prezident tərəfindən təyin olunmuş səfir Hüseyn Quliyevdir. Məktubun PA-na daxil olması inkar olunsa da Səfir Quliyev dəqiq tarixi göstərilməklə məktubun icrasına göstərilən münasibəti oxucularla bölüşür.

- Sizcə, hansı səbəbdən, nəyə görə təkrar-təkrar müraciətlərdən sonra Fövqəladə və Səlahiyyətli səfirə köməkçi cavab verir? Köməkçi səfirliyin attaşesi və ya üçüncü katibi ilə müzakirələr apara bilər?

- Seyid Əzim Şirvaninin nəticəsinin Azərbaycana gəlməsinin mümkünsüzlüyünün erməni millətindən olan adamla nigahda olması izahı absurddur. Hələ Sovet dövrünün statistikasına əsasən Azərbaycan SSRİ-də millətlərarası nigaha görə ən yüksək göstəriciyə malik idi. Nigahların 24%-i azərbaycanlılarla başqa millətlərin nümayəndələrinin evliliyi idi. Bu gün Dağlıq Qarabağın xaricində Azərbaycanda 30 min erməni əsilli əhali yaşayır. Bunların böyük əksəriyyəti azərbaycanlılarla ailə qurmuş erməni əsilli xanımlardır. Bu bizim xalqın qatı millətçilik və digər etnoslara qarşı dözümsüzlükdən nə qədər uzaq olduğunun nümunəsidir. Ermənistan ordusunda olan qeyri-peşəkar münasibətlərə dözməyərək Azərbaycanda rahatlıq tapan ermənilər var. Məgər onların gəlişinə mane olunur Azərbaycanda? Həm özəl, həm də dövlət sektorunda ailə üzvləri erməni əsilli adamlar çalışır Azərbaycanda. Məgər Azərbaycana gələn turistlərin ailə tərkibində erməni millətindən kiminsə olması ona ölkəmizə gəlməkdə maneəmi törədir? Və yaxud da bu elə bir prinsipal məsələdirsə hamıya tətbiq olunurmu? Rusiya Xarici Işlər Naziri Lavrovun Bakıya gəlişi zamanı bu sual ortaya çıxırmı?

Ona görə də, səfir Quliyevin öz vəzifə borcunu yerinə yetirmək istəyindən gələn təşəbbüsünə cavab verməyə vaxt tapılmaması və köməkçinin səlahiyyətlərini aşaraq səfirə absurd izahat vermək cəhdi təəssüf doğurur. 

Bu hadisə başqa bir məqamı mənə xatırlatdı. Malayziyada səfir vəzifəsini icra edərkən Gəncə xanı Cavad Xanın kötükcəsi Kazım Cavadxani ilə dostlaşmaq mənə nəsib oldu. 2009-cu il idi. Həmin zaman Rabitə Nazirliyi ilə Malayziyanın MEASAT şirkəti arasında Azərbaycanın ilk peykinin fəzaya buraxılması ətrafında müzakirələr gedirdi. MEASATda çalışan İranlı bir mühəndis Malayziyada yaşayan Təbriz türkü olan cərrah haqqında danışdı. Onun yüksək zadəgan ailəsindən olduğunu dedi. Öyrəndik və əlaqə saxladıq. Malayziyaın ilk neyrocərrahlarından birinin azərbaycanlı, özü də Cavad Xanın kötükcəsi olduğu bəlli oldu. Razılaşaq ki, Cavad Xan millətimizin tarixində işğalla barışmaz, öləcəyini göz önünə gətirərək oğlunu da, özünü son döyüşə atmış bir sərkərdədir, qəhrəmanlıq nümunəsidir. Bakıya gəlişimdə Kazım Cavadxani haqqında məlumat verdim, tarixi vətənə gəlmək istədiyini diqqətə çatdırdım. Heç köməkçi belə vaxt tapıb zəng etmədi. Məğrur Xanın kötükcəsi ilə bağlı məlumat Respublika mətbuatında dərc olundu. Malayziyanın Penənq ştatında çalışan Kazım Cavadxani mayın 28-də səfirliyimizin keçirdiyi Respublika Günü tədbirlərində xanımı ilə iştirak etdi. Yeri gəlmişkən Kazım Cavadxaninin xanımı Təbriz qızıdır. Adı Pəri xanımdır. Bu da ona dəlalət edir ki, köməkçinin Özbəkistandakı səfrimizə gətirdiyi səbəb tamamilə absurddur.

2016-cı ildə digər bir absurdla üzləşdim. Azərbaycandakı bir sıra saytlarda "ciddi səylər və yorulmaz axtarışlar nəticəsində" Malayziyada Cavad Xanın kötükcəsinin tapılması haqqında məlumatlar yayımlandı. Kazım Cavadxaninin guya 7 ildən sonra yenidən tapılması əlbəttə ki, çox ucuz və savadsız bir gediş idi. Oxucuları inandırmaq istəyirəm ki, Kazım Cavadxaninin tapılması üçün hansı isə axtarış-əməliyyat planı həyata keçirməyə ehtiyac olmayıb. Sadəcə qürbətdə olanda bir-birimizi tapmaq zərurətindən gələn sırf Azərbaycanlı yanaşmamıza uyğun addım atmışdıq.


ETİKET :  

Daha Çox