-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncədə Cavad xanın heykəli ilə bağlı yer ayrılıb” - Deputat

“Gəncədə Cavad xanın heykəli ilə bağlı yer ayrılıb” - Deputat

01:56:44 | 2021-03-17

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentdə Nizami Gəncəvi ilə bağlı beynəlxalq səviyyəli yeni filmin çəkilməsi, Gəncədə Cavad xan heykəlinin ucaldılması məsələsi ilə bağlı hökumət qarşısında çıxış edib.
GancaPost.info xəbər verir ki, Qənirə Paşayeva Milli Məclisin iclasında - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə müzakirələr zamanı çıxış edərək, mədəniyyət, incəsənət sahəsinə aid bir sıra vacib məsələlərə toxunub.
“Cənab Prezidentin Şuşanı Mədəniyyət paytaxtı elan etməsi dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük məmnuniyyətlə qəbul edildi. Biz inanırıq ki, işğalçılıq və vandalizm siyasəti yürüdən Ermənistanın dağıtdığı tarixi-mədəniyyət abidələrimiz qısa zamanda bərpa olunacaq və cənab Prezidentin də vurğuladığı kimi Qafqazın mədəniyyət incisi olan qədim Şuşamız sadəcə Azərbaycanın deyil, Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı kimi bütün dünyada layiqli şəkildə tanınacaq.
Təsadüfi deyil ki, Azıx mağarasını ziyarət edən dövlət başçısı, bu mövzulara yenidən toxunaraq, istər Azıxda, istərsə, işğaldan azad edilmiş digər ərazilərimizdə həqiqi tarixi, arxeoloji tədqiqatların aparılması imkanını qeyd etdi, yerli və xarici mütəxəssislərə tədqiqatlar üçün şərait yaradılacağını dedi”.
Sözlərinə davam edən Qənirə Paşayeva "Nizami İli" mövzusundan danışdı: “Bildiyiniz kimi cənab Prezident 2021-ci ili Azərbaycanda "Nizami Gəncəvi İli" elan edib. Bu cənab Prezidentimizin siyasətində mədəniyyətimizin inkişafının və təbliğinin nə qədər böyük yer tutduğunun bariz nümunəsidir. Biz inanırıq ki, Nizami irsinin ölkəmizdə və dünyada təbliğində çoxlu işlər görüləcək və Mədəniyyət Komitəsi olaraq hökumətimizdən bununla bağlı bir məsələyə xüsusi diqqət yetirilməsini xahiş edirik. Bilirsiniz ki, Nizami Gəncəvi ilə bağlı film sovet illərində çəkilib və mütəxəssislərin, ziyalıların da fikri bundan ibarətdir ki, bu gün ölkəmizə və dünyaya Nizami irsinin daha geniş təbliği baxımından yeni bir filmin çəkilməsinə ehtiyac var. Nizami ilində belə bir film üzərində işin başlanması Nizami ilinə, Nizami irsinə çox gözəl töhfə olardı və inanırıq ki, hökumətimiz bu məsələni xüsusi diqqətdə saxlayacaq.
"Nizami İli" çərçivəsində təbii ki, onun doğulduğu və yaşadığı qədim Gəncə şəhərimizə yerli və xarici qonaqların daha çox səfərlərini müşahidə edəcəyik. Azərbaycan xalqının qəhrəman oğullarından Cavad xanın xatirəsinin əziz tutulması, irsinin qorunması hər zaman cənab Prezidentin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanımın diqqətində olub və onun türbəsi məhz Mehriban xanımın dəstəyi ilə təmir olunub. Cavad xanın adını daşıyan fonda bu gün onun ailəsinin davamçılarından Valid xan Ziyadlı rəhbərlik edir və onunla Mədəniyyət Komitəsində görüş zamanı cənab Prezidentin və hörmətli Mehriban xanımın Cavad xan adına və irsinə hər zaman yüksək münasibətini minnətdarlıqla qeyd etdi. Fond rəhbəri Gəncənin ən gözəl yerlərinin birində Cavad xana heykəl qoyulması ilə bağlı dövlət rəhbərliyinin tapşırıqlarının da qısa zamanda həyata keçəcəyinə inandığını vurğuladı. Bu məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə müzakirəmiz zamanı başçı bildirdi ki, heykəl ilə bağlı artıq yer ayrılıb. Müvafiq qurumlardan xahiş edirik ki, bu heykəlin hazırlanması və qısa zamanda Gəncədə layiq olduğu yerdə ucaldılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirsinlər”.
Mədəniyyət Komitəsinin sədri çıxışının sonunda mədəniyyət, incəsənət xadimlərinin, gənc istedadların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daxil olmaqla, bir sıra sosial problemləri əhatə edən məsələlərlə bağlı da hökumətə ayrıca məktubla müraciət edəcəyini bildirib.


ETİKET :  

Daha Çox