-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bulaqları qurudulan şəhər

Gəncə sakinləri şəhərdə ictimai istifadə üçün bulaqların olmamasından şikayətlənir.

00:48:32 | 2019-07-09

İsti yay günlərində insan orqanizmi həddən artıq su itirir. Həkimlər tövsiyə edirlər ki, bu itkinin qarşısını almaq üçün gün ərzində 1-2 litr su içmək lazımdır. Gəncə küçələrində isə içməli su bir yana, əl yumağa belə, su tapılmır. GancaPost.com-a müraciət edən şəhər sakinləri bildiriblər ki, su problemi yay aylarında onları ciddi şəkildə narahat edir. Şəhər ərazisində yalnız bir-iki yerdə su krantlarına rast gəlinir ki, onların da suyunun təmizliyi və keyfiyyəti məlum deyil.

Məsələn, Gəncənin Şah Abbas məscidinin yanında bir neçə su krantı olan bulaq var. Lakin bu bulağın da üzərindəki krantların hamısı işləmir. Gediş-gəlişin çox olduğu bu ərazidə olduğumuz zaman Gəncə sakinləri ilə söhbət edib, məsələ ilə bağlı onların fikirlərini aldıq. Sakinlər bildirdilər ki, doğrudan da Gəncə küçələrində susuzluq problemi yay aylarında onları ciddi şəkildə narahat edir.

Şəhər sakini Mayıl Vəliyev bildirir ki, Gəncədə su bulaqlarına ehtiyac var:

“Şəhərdə əl yumaq, sərinləmək üçün su krantlarına ehtiyac var. Mövcud olanların da təmizliyinə diqqət edilmir. Elə götürək şəhərin mərkəzindəki, Şah Abbas Məscidinin yanındakı krantı. Natəmizlik, diqqətsizlik. Şəxsən mən burada su içəndə narahatlıq keçirirəm. Bu su haradan gəlir və təmizdirmi?

Eyni zamanda burada bütün günü suyu açıq qoyub, axıdırlar. Çünki bağlamaq mümkün deyil. Olmazmı ki, bura normal, bağlanması mümkün olan krant qoysunlar. Burada gün ərzində boş yerə suyu axıdınca, başqa yerlərdə qurğu qoyub suyu orada sərf etmək olar”.

Digər şəhər sakini Vahid Əliyev isə bildirir ki, Gəncənin bəzi yerlərində fontanlar belə işləmir:

“Şəhərdə su krantı buradadır. Şəhərin digər yerlərində yoxdur. Gəncədə çox sayda bulaqlar var idi. Bəziləri də Elmar Vəliyevin vaxtında ləğv olundu. Bundan başqa da pulsuz əlini yumaq istəyirsənsə, gərək gedəsən iri ticarət mərkəzlərinə. Əl yumağı qoyaq bir kənara. Guya şəhərdə fontanların hamısı işləyir ki? Şəhərin bəzi parklarında günün qızmar çağında işlək fontan tapmırsan. Bura turistlər gəlirsə, belə məsələlərə diqqət ayırmaq lazımdır”, - deyə şəhər sakini şikayətlənir.

Məsələ ilə bağlı Gəncə Su-Kanal TSC-nin mövqeyini öyrənməyə çalışsaqda, qurumdan telefonlarımıza cavab verən olmadı. Mövzuya qayıdacağıq!

Qeyd edək ki, Gəncənin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin dövründə Hacı Mir Qasım ağa kəhrizi, 20 Yanvar Şəhidlərinin xatirəsinə olan ehsan bulağı, Kukla Teatrının və 1 saylı orta məktəbin qarşısındakı bulaq ləğv olunub.


ETİKET :  

Daha Çox