-- Adversting 9 --
-- Adversting 10 --

“Bəzi nazirliklər Gəncəyə köçürülməlidir”

"Bəzi qurumların paytaxtdan köçürülməsi regionların inkişafına təkan verəcək"

15:21:32 | 2021-06-13

Bəzi dövlət qurumları və ali məktəblərin bölgələrə köçürülərək paytaxtın yükünün azaldılması təşəbbüsü dəfələrlə irəli sürülüb.

Tanınmış hüquqşünas, Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov "525-ci qəzet"ə bildirib ki, dövlət idarəetmə orqanlarının paytaxtda cəmlənməsi müəyyən problemlər yaradır. Şəhərdəki sıxlığın artmasına, tıxacların yaranmasına region əhalisinin həmin dövlət orqanlarına əlçatanlığına maneə törədir. Bir çox ölkələrdə bəzi dövlət orqanları daha çox aidiyyatı olduğu regionlarda, vilayətlərdə, şəhərlərdə yerləşdirilir. Məsələn, Qazaxıstan bir vaxtlar paytaxt Astanaya köçmək ərəfəsində belə bir praktikadan istifadə etmişdi. Bəzi dövlət orqanlarını regionlarda saxlamışdı. İndi də onlarda bəzi idarəetmə strukturları regionlarda yerləşir. Qeyd edim ki, bizim də praktikada buna bənzər struktur var idi. Məsələn, bizdə də “Azərkimya”  Dövlət Konserni Şirkətinin inzibatı binası Sumqayıtda fəaliyyət göstərirdi".

S.Məmmədov fikrincə, dövlət orqanlarının aidiyyatı üzrə ərazi və şəhərlərdə yerləşdirilməsi daha məqsədəuyğundur: "Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlara-Gəncəyə, Qarabağın inzibati vahidlərinin birinə köçürmək olar. Çünki təbii sərvətlərimiz, meşə fondumuz da əsasən regionlarda yerləşir. Bizim hasilat sənayemizin əksəriyyəti regionlardadır, meşə sərvətlərimizin əksəriyyəti də həmçinin, Qarabağın özündə də çox böyük təbii sərvətlərimiz mövcuddur. Həmçinin su ehtiyatlarımızın əksəriyyəti regionlarda formalaşır. Onların mühafizəsinin təşkili və problemlərin operativ həll olunması baxımından gələcəkdə sözügedən nazirliyin inzibati binasının köçürülməsi daha məqsədəuyğun olar.

Bakıda yerləşən bir sıra nazirliklərin və onların bəzi idarələrinin köçürməsini təmin etmək olar. Gələcəkdə beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi üçün regionlarda iri konfrans mərkəzləri, stadionlar inşa olunmalıdır. Hesab edirəm ki, təkcə dövlət idarəetmə orqanları deyil, iş mərkəzləri, konfrans mərkəzləri, stadionlar da tədricən paytaxtdan bölgələrə köçürülməlidir. Yəni belə bir layihənin həyata keçirilməsi regionların inkişafına əlavə təkan ola bilər. Nəticədə həm paytaxtdakı sıxlıq aradan qalxar, həm də idarəetmə fərqli yerlərdə də təmin olunar. Onsuz da Azərbaycan o qədər də böyük ölkə deyil. Yəni paytaxtla əlaqənin kəsilməsindən narahat olmağa dəyməz".

Millət vəkili Tamam Cəfərova vurğulayıb ki, paytaxtın yüngülləşdirilməsi, sıxlığın aradan qaldırılmasının digər yolu ali təhsil ocaqlarının və dövlət qurumlarının Bakı ətrafı ərazilərə, bəzilərinin isə bölgələrə köçürülməsidir. Bir çox nazirlikləri müxtəlif bölgələrə, məsələn, Gəncəyə, Şamaxıya və başqa bölgələrə köçürmək olar. Məncə, məsələ gündəmə gələndə, bir çox bölgələr buna iddialı olacaqlar. Bakı bəzi dövlət qurumlarını və nazirlikləri, həmçinin, universitetləri "əldən verməklə" Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, ilk növbədə Bakının əhali yükü xeyli dərəcədə yüngülləşcək, digər tərəfdən bu köçürmələr regionların iqtisadi inkişafına böyük töhfə olacaq. Azərbaycanın ərazisi çox da böyük olmadığı üçün köçürülən qurumların paytaxtla əlaqə problemi olmayacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əksər nazirliklər, dövlət komitələri, hətta mədəni-maarif müəssisələrinin çoxu paytaxtda yerləşir: "Belə müəssisələrin regionlara paylanmasının tərəfdarıyam. Nazirliklərin də bəziləri regionlara köçürülə bilər. Kənd təsərrüfatı ilə məşğul olan nazirliyin kənd təsərrüfatı rayonlarının birində olması bu sahənin inkişafına daha çox dəstək vermiş olar. Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərinə köçürülməsi kənd təsərrüfatı ilə məşğul olan və əslində, çox ciddi kənd təsərrüfatı regionu olan ətraf bölgələrin inkişafında mühüm rol oynaya bilər. Çünki yerində bir çox məsələlər həll olunar. Yaxud Ali Məhkəmə orqanlarının regionlara köçürülməsi həmin bölgələrin də inkişafına təkan verər. Kifayət qədər imkanlar var ki, ciddi araşdırma aparılsın, dövlət və hökumət orqanlarının bir qisminin Bakıdan regionlara köçürülməsi yolu ilə regionların iqtisadi inkişafına dəstək verilsin. Bakıda çox ciddi sıxlıq yaranıb. Bu, ekoloji və nəqliyyat problemlərinin yaranmasına səbəb olur. Köçürülmə ilə bağlı məsələ dövlət səviyyəsində qaldırılıb. Buna mütəxəssislər də reaksiya veriblər ki, belə bir addımın atılması müsbət nəticələrə səbəb olar. Meliorasiya və Su Təsərrüfatı İdarəsinin də paytaxtda olmasına ehtiyac yoxdur. Hətta bəzi sosial müdafiə qurumlarının belə bölgələrə köçürülməsinə daha ciddi ehtiyac var. Çünki bəzi gender problemləri, sosial problemlər Bakı ilə müqayisədə regionlarda daha aktualdır. Nazirlik və digər dövlət qurumlarının bölgələrə köçürülməsi daha asandır, nəinki universitetlərin".

Ekspert deyir ki, Bakının həddən artıq "şişmiş" vəziyyətdə olduğunu və regionların inkişafı üçün atılan addımların yetərsizliyini nəzərə alsaq, bəzi hökümət və dövlət orqanlarının, nazirliklərin bölgələrdə yerləşdirilməsi regionların da iqtisadi canlanmasında mühüm rol oynaya bilər. Bu yolla həm Bakının yükü kifayət qədər azalar, həm də regionların inkişafında bu addım kifayət qədər pozitiv və uğurlu olar.

N.Cəfərlinin sözlərinə əsasən, nazirlikləri bir binada cəmləmək də mümkündür. Bu yolla bir neçə nazirliyə işi düşən şəxsin işini tez həll edə bilməsinə imkan yaratmış olarıq: "Nəyə görə vətəndaş işini həll etmək üçün dövlət və hökumət orqanları ilə fiziki təmasda olmalıdır? Bu məsələ dünyada "elektron hökumət" vasitəsilə həllini tapıb. Elə bir sistem qurmaq lazımdır ki, vətəndaş dövlət və hökumət orqanları ilə fiziki təmasda olmasın".

Millət vəkili Fazil Mustafa hesab edir ki, bir neçə nazirliyi, xüsusilə də Qarabağda daha çox layihələr həyata keçirən nazirlikləri Gəncə şəhərinə köçürərək bu şəhərdən prosesin idarə olunmasını təmin edə bilərik. Ölkənin ikinci böyük şəhəri Gəncəni daha aktiv vəziyyətə gətirmək olar. Bu isə daha çevik idaraetməni həll edə bilər.  Diqqət etsəniz, Rusiyada bir çox qurumlar Moskvadan Sankt-Peterburq şəhərinə köçürülüb. Türkiyədə də belə bir ənənə var. Ankaradakı bəzi qurumlar öz fəaliyyətini İstanbuldan həyata keçirirlər. Bu daha çevik idarəetməni həll edə bilər".


ETİKET :  

Daha Çox