-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Rusiya istəsə Arutyunyanı, Balasanyanı da qandallayar”

"Rusiya Laçın dəhlizindən erməni terrorçu qrupların sərbəst gedib-gəlməsini təmin edir"

00:56:11 | 2021-03-19

Son zamanlar işğaldan azad olunmuş ərazilərdə mülki şəxslərin minalara düşməsi ilə bağlı məlumatlara tez-tez rast gəlinir.

10 noyabrdan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyişib, 79 nəfər xəsarət alıb.

Ermənistan tərəfi isə bütün bunlara baxmayaraq, Azərbaycana hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməyib.

Xarici İşlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçokla birgə mətbuat konfransında bildirib ki, xəritənin təqdim edilməməsi Azərbaycana qarşı təcavüzün davam etməsidir. O qeyd edib ki, bu istiqamətdə beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistana təzyiqlər göstərməlidir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində də yazıb ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina edir: "Ermənistanın məsuliyyətsiz davranışı ciddi qınağa səbəb olmalıdır".

Belə olan halda beynəlxalq təşkilatlar Ermənistana nə kimi təzyiqlər edə bilər? Üçtərəfli bəyanatın bir tərəfi olan və Qarabağda sülhməramlı missiyasını həyata keçirən Rusiya bu məsələdə Ermənistana təpki göstərə bilərmi? Azərbaycan öz tərəfindən hansı addımları atmalıdır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik komitəsinin üzvü Elman Məmmədov Turan-a bildirib ki, beynəlxalq təşkilatlar uzun illər ərzində Azərbaycan torpaqlarını işğal edən Ermənistana heç bir təzyiq göstərməmişdi: "Beynəlxalq təşkilatlardan birinin - ATƏT-in uzun illərdir həmsədr olan üç dövlətinin, onlardan biri bu gün öz üzərinə sülhməramlılıq missiyasını götürən Rusiyanın 1992-93-cü ildən 44 günlük müharibəyə qədər olan dövrdə Ermənistanla münasibətlərinə nəzər salaq. Düzdür, bunlar həmişə müəyyən məsələlərdə güya ki, Ermənistana xəbərdarlıq ediblər, güya ona təsir göstərmək üçün «BMT-nin məlum 4 qətnaməsini icra etməlisən» deyiblər. Ancaq onlar bunu sözlə və səmimi yox, riyakarlıqla ediblər".

Deputatın fikrincə, beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın BMT-nin qətnamələrini icra etməsi üçün heç bir real tədbir görməyiblər: "Həmin beynəlxalq təşkilatlar, həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi və torpaqlarımızdan çıxması üçün uzun illər ərzində Ermənistana bir cümləylə də olsun sanksiya tədbiq etdilərmi? Etmədilər. Dünyanın idarə olunmasında güc mərkəzləri olan bu üç dövlət bir cırtdan işğalçı dövlətə nəyisə etməyə məcbur edə bilmirdi? Bilərdi, ancaq etmirdilər".

Komitə üzvü vurğulayıb ki, bu gün də həmin qeyri-səmimilik qüvvədədir: "Rusiya ilə bizim çox yüksək səviyyədə dostluq, əməkdaşlıq, tərəfdaşlıq münasibətlərimiz var. Ancaq Rusiya həmişə olduğu kimi ermənilərin nazı ilə oynamaqla məşğuldur. Əgər Rusiya bu vasitəçilik, sülhməramlılıq missiyasını boynuna götürübsə və üçtərəfli razılaşmada rəsmi təmsil olunursa Ermənistanı minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyə məcbur edə bilmir? Edə bilər".

Elman Məmmədov hesab edir ki, Ermənistana təzyiq etmək üçün real addımlar atmaq lazımdır: "Bu bir neçə ay ərzində Rusiya dövləti ermənilərə nə qədər humanitar yardım daşıyıb. Laçın dəhlizindən erməni terrorçu qrupların sərbəst gedib-gəlməsini təmin edən kimdir bu gün? Həmin o Rusiya Sülhməramlılarıdır. Demək, Rusiya Ermənistana nə istəsə elətdirə bilər. Sadəcə, deyir ki, biz deyirik, onlar eləmir. Sən o Laçın dəhlizini bağla, onların o əməkdaşlıq etdiyin Arutyunyanı, Balasanyanı qandalla, qoy içəri, gör, Ermənistan verir o xəritələri, yoxsa yox? Təbii ki, verəcək. Yəni, söz başqa şeydir, tədbir görmək isə başqa".

Deputat qeyd edib ki, Azərbaycan özündən asılı hər şeyi edir: "Dövlət başçısı da, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də vaxtaşırı əhalimizə xəbərdarlıq edirlər ki, işğaldan azad olunmuş ərazilərə icazəsiz səfərlər etməyin. Gərək insan özü həyatını təhlükəyə atmasın və xəbərdarlıqlara ciddi riayət etsin. Azərbaycan dövləti qardaş Türkiyə ilə birlikdə, Rusiyadan gələn bir qrup istehkamçı da ərazilərin minalardan təmizləməsi ilə çox ciddi məşğuldur".

Elman Məmmədov vurğulayıb ki, Ermənistan tərəfinin xəritələri verəcəyinə ümid etmək olmaz: "Versələr də bəlkə bir saxta xəritə düzəldib verəcəklər. Buna etibar etmək olmaz".

Politoloq Ərəstun Oruclunun fikrincə isə istər prezident İlham Əliyevin fevralın 26-da mətbuat konfransı zamanı Rusiya sülhməramlıların anlaşmanı pozaraq Dağlıq Qarabağa xarici vətəndaşları buraxması haqda səsləndirdiyi fikir, istərsə də Ceyhun Bayramovun ATƏT-ə və BMT-yə silahlıların Ermənistandan Qarabağa buraxılması haqda ünvanlanmış məktubu göstərir ki, Azərbaycanla Rusiya sülhməramlıları arasında ziddiyyətlər yaranıb.

O, “Azadlıq” radiosuna bildirib ki, Rusiya faktiki olaraq Ermənistana minalanmış ərazilərin xəritələrinin verilməsi yönündə heç bir təsir göstərmir: «Əks halda Rusiya buna çox asanlıqla nail ola bilərdi".

Ekspert qeyd edib ki, burada iki məqam var: "Birinci, 10 noyabr bəyanatı ilə bağlıdır. Orada iki bənd var ki, Azərbaycan tərəfi bunlara dolayısı ilə istinad edərək Rusiyadan Ermənistana təzyiq göstərməyi tələb edə bilər. Bu 6-cı bənddir, çünki orada yolların açılması, daşımaların, insanların hərəkətlərin təhlükəsizliyinin təmin olunması göstərilib. Bunu birbaşa təmin edən tərəf sülhməramlı adlandırılan Rusiya ordusudur. Və 9-cu bənd, harada ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, blokadasının qaldırılması göstərilib".


ETİKET :  

Daha Çox