-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda informasiya ombudsmanı institutuna ehtiyac var

Azərbaycanda informasiya ombudsmanı institutuna ehtiyac var.

01:56:03 | 2021-02-12

"Dövlət orqanları büdcə vəsaitlərinin və digər maliyyə resurslarının xərclənməsi haqqında ən az məlumat verir. Çox vaxt informasiya sorğularına cavab verməkdən imtina edir".

GancaPost.info xəbər verir ki, bu barədə media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli “Amerikanın Səsi” radiosuna müsahibəsində dövlət qurumlarında informasiya açıqlığı ilə bağlı problemlərdən danışıb.

“170-dən çox dövlət qurumunun, o cümlədən 81 mərkəzi İcra Hakimiyyəti orqanının saytının 10 aylıq monitorinqinin yekunlarına görə “Dövlət qurumlarının informasiya açıqlığı və informasiyaya çıxışla bağlı vəziyyət” adlı araşdırma hazırlanıb.

Araşdırmada qeyd edilirdi ki, dövlət qurumları üç haldan yalnız birində jurnalistlərin sorğularına cavab verir. Dövlət orqanları saytlar yaratmaq və orada 34 fərqli informasiyanı yerləşdirmək öhdəliyi daşıyır.

Monitorinq zamanı dərc edilməli olan informasiya üç qrupa bölünüb - ən çox açıqlanan, orta səviyyədə açıqlanan, heç açıqlanmayan ya da çox cüzi açıqlanan informasiyalar, deyə Ə.Məmmədli araşdırmanı şərh edərkən bildirib.

Dövlət orqanlarının ən az açıqladığı məlumatlar büdcə vəsaitlərindən və digər maliyyə vəsaitlərindən istifadə, tender nəticələri haqqında məlumatlardır. Bu informasiyanın həcmi dərc olunan informasiyaların cəmi 5%-ni təşkil edir.

İnformasiya açıqlığına dair Azərbaycan qanunvericiliyi nə dərəcədə ölkənin beynəlxalq öhdəliklərinə uyğundur? Bu suala cavabda Ə.Məmmədli deyib ki, informasiya qanunvericiliyi 2005-ci ildə qəbul olunanda o, bütünlükdə Azərbaycanın öhdəliklərinə uyğun idi. Amma sonradan informasiya sorğularından imtina etmək, informasiyanı verməməklə bağlı qanunla müəyyən olunan çərçivənin daha da daraldılması ilə bağlı müəyyən məhdudiyyətlər gətirilib.

Bu, beynəlxalq öhdəliklər baxımından, xüsusən də konvensiya baxımından yolverilməzdir. Bu zaman vətəndaşların informasiya hüquqlarının təmin edilməsinə nəzarət insan hüquqları üzrə müvəkkil institutuna verilib, o isə 8 il ərzində heç bir real addım atmayıb.

Sizcə Azərbaycanda ayrıca informasiya ombudsmanı təsisatının yaradılmasına ehtiyac varmı?

Bu suala Ə.Məmmədli belə cavab verib: “Mən düşünürəm ki, var. Bu qanunvericilikdə də var idi. Onun 2012-ci ildə qanundan çıxarılması yanlış bir addım idi. İnsan hüquqları üzrə müvəkkilin onsuz da kifayət qədər səlahiyyətləri genişdir. Bir də təzədən spesifik sahə ilə məşğul olması həm onun profilinə, həm də iş yükü baxımından uyğun gəlmir”.

İdarələrin saytlarında vətəndaşların müraciəti bölmələri var, elektron sorğu göndərilməsi formaları isə yoxdur. Amma bunlar tamamilə fərqli şeylərdir. Müraciət ərizə, hansısa xidmətlərin göstərilməsi haqqında xahiş ola bilər və o, 30 gün ərzində cavablandırılır.

İnformasiya sorğusu konkret mövzuya 7 gün ərzində cavab verilməsini tələb edir. “Bizim monitorinqdə, məsələn, 56 quruma biz sorğu göndərmişdik. Onlardan yalnız 15-nə tam cavab verilmişdir və bu təxmini 26 faiz edir. Qalan 74 faiz informasiya hansısa formada verilməmişdir. Bu da jurnalist sorğularına reaksiyanın bir nəticəsidir”, deyə Ə.Məmmədli bildirib.

Bir jurnalist Kürdəmir rayon İcra hakimiyyətinə sorğu göndərmişdi. Bundan sonra onun ailəsinə basqın oldu. Sonradan bu rayonun icra başçısı korrupsiya ittihamı ilə həbs olundu.

Jurnalistlər sorğulara cavab verilməsindən imtina ilə bağlı məhkəmələrə şikayət verdikdə məhkəmələr ümumilikdə dövlət orqanlarının xeyrinə qərar çıxarır. Nadir hallarda məhkəmələr iddiaları təmin edirlər, bu hallardan biri də dövlət orqanının üzərinə Turan agentliyinin informasiya sorğusuna cavab vermək öhdəliyi qoyan məhkəmə qərarıdır, deyə Məmmədli qeyd edib.


ETİKET :  

Daha Çox