-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda Aqrar Birja yaradılsın - GƏNCƏDƏ YERLƏŞSİN

Azərbaycanda Aqrar Birja yaradılsın - GƏNCƏDƏ YERLƏŞSİN

17:41:18 | 2020-04-24

Azərbaycanda kənd təsərrüfatı məhsullarının daha şəffaf və operativ ticarəti üçün ölkədə ilk dəfə olaraq Aqrar Birjanın yaradılması təklif edilib.

GancaPost saytı xəbər verir ki, təklifin müəllifi, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, birjanın Gəncə şəhərində işləməsi daha məqsədə uyğundur. Ekspert yazır:

"3 gün əvvəl neft birjaları tarixinə "qara çərşənbə" kimi düşən və WTI markalı neftin mənfi qiymətlə satılması ilə bağlı bizim sosial şəbəkələrdə uzun-uzadı, sözün yaxşı mənasında çox xoş təsir bağışlayan bir müzakirə açıldı.
Hətta iqtisadiyyatla, treyderliklə əlaqəsi olmayan xeyli insanın bu mövzuda şərhlərini oxudum. Əlbəttə, hamının əsas cavab axtardığı məqam bu idi ki, neft necə mənfi qiymətə satıla bilər.
Çox yazıldı, doğru cavablar verildiyinə görə həmin mövzuya geniş toxunmaq istəmirəm.
Sadəcə bir məqamı deyim ki, bü günlərdə spot qiymətlərdə, yəni fiziki olaraq real neftin alıb-satıldığı bazarda da mənfi qiymət qeydə alınıb-alınmadığı barədə dəqiq məlumatım yoxdur. Amma çərşənbə günü mənfi qiymətə satılan may ayının fyuçers qiymətləri idi - yəni qiymətli kağız formasında olan, hələ real alqı-satqı tarixi çatmayan, yəni kağız üzərində olan öhdəliklərin alqı-satqısı idi.
Diqqətimi çəkən əsas məqamı deyim: Azərbaycanda indiyədək ən azından normal bir birja olsa idi, cəmiyyət orda gedən real birja əməliyyatlarını görmüş olsa idi, bu sahədə tələbata uyğun olaraq peşəkar birja iştirakçıları yaranmış olsa idi, bu şəxslər müntəzəm olaraq maarifləndirici çıxışlar etmiş olsa idi, həmin gün neft birjalarında baş verənləri insanlar daha məlumatlı şəkildə izləyə biləcəkdilər.
Birjalar bazar münasibətlərinin ayrılmaz tərkib elementlərindən biridir - bu institutların olmadığı ölkələrin primitiv bazar sisteminə sahib olduğunu dərhal bilmək olur.
Azərbaycanda yalnız Bakı Fond Birjası mövcuddur. Bu təsisatın nə dərəcədə effektiv çalışdığını bilmək istəsəniz, internetdə axtarış verin, saytına baxın və dövlət sektoru (hökumət və dövlət şirkətləri birgə) nəzərə alınmadan dövriyyəsinə baxın, nəticəni özünüz qiymətləndirərsiniz.
İPO aparılmadığı, ölkədə iqtisadi ab-havanı müəyyən edən birja indekslərinin olmadığı fond birjası ətrafında müzakirə aparmağa dəyirmi, bu da ayrı bir mövzudur.
Amma ən azından yaxşı bir Aqrar Birja formalaşdıra bilərik - mərkəzi də Gəncə şəhəri olmaqla. Taxıl məhsulları, heyvandarlıq məhsulları, pambıq, texniki üzüm sortları və s. kimi aqrar məhsulları rahatlıqla bu birja üzərindən reallaşdırmaq mümkündür.
Aqrar məhsulların topdan satışının birja üzərindən təşkilinin çox böyük üstünlükləri var. Əvvəla, xırda istehsalçılar kiçik partiyalarla (məsələn, 100-200, hətta 300-500 kq) məhsulu pərakəndə, necə, hansı qiymətə satmaqdan xilas olacaq. Çünki bir çox ölkələrdə birjalara məshul partiyasının daxil olması minimum hədd qoyulur - məsələn, taxıl ən azı 5, yun 1 tonluq partiyalarla daxil ola bilər. Bu halda, məsələn, birjaya çıxış üçün eyni və yaxın ərazidəki xırda istehsalçıların orta satış üçün bir araya gəlməsi zərurəti qaçılmaz olur, qiymətin formalaşması üçün daha əlverişli iqtisadi mühit yaranır.
Başqa üstünlük fermerlərin məhsulunun zəmanətli qiymətlə alınması üçün hüquqi mexanizmlər yaranır. 6 aylıq, 1 illik fyuçers müqavilələrilə məhsullar artıq özlərinə zəmanətli alıcılar tapırlar. Birja rəsmi qeydə alıdığı müqavilələr və pul formasında götürdüyü təminat öhdəliyi ilə bütün münasibətləri icbari hüquqi çərçivəyə salır.
Fyuçerslərin timsalında ölkədə maliyyə derivativlərinin inkişaf eləmiş bazarı yaranmağa başlayır. Bu bazarın yanında sığorta bazarını inkişafı qaçılmazdı, çünki fyuçers müqavilələrini hedge eləməyə böyük tələbat yaranır. Eyni zamanda, xeyli sayda üzvləri olan peşəkar brokerlik institunun yaranması insanlar üçün peşəkar karyera və para qazanmaq üçün perspektivlər açır.
Birjanın xüsusi elektron platforması vasitəsilə uzunmüddətli fyuçers müqavilələrin bağlanmadığı, ənənəvi birja məhsulu olmayan bəzi məhsulların (məsələn, tez xarab olan meyvə və tərəvəzlər) onlayn hərraclarını da təşkil etmək olar. Məsələn, kimsə sabah 2 ton ərik, heyva və ya gilası bazara çıxara biləcəyini bilirsə, məhsulunu onlayn hərraca təqdim edir, gün ərzində qiymət təkliflərini toplayıb, satıcılarla razılaşma əldə edə bilir".


ETİKET :  

Daha Çox