-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Avropa təyyarələri niyə Gəncəni yox, Kutaisini seçdi?

Gürcüstanın Kutaisi şəhərinə Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İtalya və Polşanın daha 12 şəhərindən yeni uçuşlar gerçəkləşir.

23:42:15 | 2019-06-27

Bununla bağlı Macarıstanın aşağı büdcəli hava yolu şirkəti “WizzAir” iyunun 25-də məlumat yayıb.

Məlumatda deyilir ki, yeni reyslərdən 7-si 2019-cu ilin sonlarında, qalanları isə 2020-ci ilin yayında açılacaq. Bununla da WizzAir-lə Gürcüstandan 40-a qədər Avropa şəhərinə birbaşa uçuşlar mümkün olur.

Bu xəbər yayılar-yayılmaz mövzu sosial şəbəkələrdə Azərbaycandan olan istifadəçilərin əsas müzakirə obyektinə çevrildi. Çoxları qeyd edir ki, bundan sonra Azərbaycandan Kutaisiyə gedənlərin sayı daha da artacaq.

AzadlıqRadiosu xəbər verir ki, elə ictimai fəal Bəxtiyar Hacıyevin özü də tez-tez 11 saat yol qət edib, Bakıdan Kutaisiyə gedir ki, daha ucuz qiymətə hansısa Avropa ölkəsinə birbaşa gedə bilsin. Deyir ki, Azərbaycan hökumətinin də marağı olsaydı, Gəncə, Qəbələ, Lənkəran və ya Zaqatalanı Kutaisiyə çevirə bilərdi:

“Nə qədər insanlar Azərbaycandan Kutaisiyə gedirlər ki, daha ucuz qiymətə Avropaya uça bilsinlər. Deməli, bu cür təlabat varsa, düzgün təşkilatçılıq olsaydı, məsələn, Qəbələdən də uça bilərdilər. Bizdə problem hakimiyyətin bu məsələyə yanaşmasındadır. Hakimiyyət elə düşünür ki, yerli azbüdcəli ButaAirways-ın imkanlarını genişləndirmək üçün başqa ölkələrin şirkətləri Azərbaycana buraxılmamalıdır. Amma istək və maraq olsaydı elə Qəbələdəki Hava limanını Kutaisi Hava limanı kimi inkişaf etdirmək olar. Bu hava yolunu hansısa bir xarici azbüdcəli hava yolu şirkətinin idarəsinə vermək olardı”.

Bəxtiyar Hacıyev deyir ki, belə olan halda dövlət özü xərc çəkmir, idarəetmə, təşkilati xərclər özəl şirkətin üzərinə düşür. Əvəzində hökumət həm qazanır, həm də ölkəyə xarici turistlərin gəlməsi asanlaşır.

Gürcüstanın İqtisadiyyat naziri Natela Turnava yerli mediaya deyib ki, Kutaisiyə yeni reyslərin açılması Avropalı turistləri ölkəyə cəlb etmək üçün unikal imkandır.

O bildirib ki, ölkə tarixində ilk dəfə Finlandiya və İsveçə birbaşa uçuşlar olacaq. Natela Turnova onu da deyib ki, Skandinaviya ölkələrinə də ciddi təlabat var.

Bəs, Azərbaycanda niyə bu cür imkanlar yaradılmır?

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, birincisi bu sahə AZAL-ın inhisarındadır, ikincisi Avropa vətəndaşlarından Azərbaycana gəliş üçün viza tələb olunur. Buna görə də Azərbaycan Gürcüstana uduzur. Onun fikrincə, UEFA Avropa Liqasının final matçı zamanı bu problem bir daha qabarıq şəkildə üzə çıxdı. Viza tələbi, birbaşa reyslərin olmaması və bahalı təyyarə biletlərinə görə oyunu canlı izləmək istəyənlər, Azərbaycana gələ bilmədilər.

Səyahət yazarı İsmayıl Azər isə deyir ki, Cənubi Qafqaz ölkələri arasında Gürcüstan xarici hava yolları şirkətlərinə ən çox sərf edənidir. Birincisi Gürcüstan Avropa vətəndaşlarından viza tələbi etmir, ikincisi də Gürcüstan vətəndaşları Avropaya vizasız gedib, gələ bilir. Azərbaycanda isə əksinə hər iki tərəf viza tələb edir. İsmayıl Azərin fikrincə, digər önəmli məsələ isə Dağlıq Qarabağ münaqişəsidir:

“Çünki ermənilər Azərbaycana gələ bilmir, azərbaycanlılar da Ermənistana. Amma Gürcüstana hər iki ölkənin vətəndaşları rahatlıqla gedə bilirlər. Üstəlik vizasız rejim də bütün problemləri yoluna qoydu”.

İsmayıl Azər deyir ki, məhz bu səbəblərdən xarici hava yolları şirkətləri Azərbaycana maraq göstərmirlər.

O yada salır ki, 2016-cı ildə Türkiyənin Pegasus şirkəti Qəbələ hava limanından azbüdcəli uçuşlara başlamışdı, amma sərnişin azlığı ucbatından qısa müddət sonra uçuşları dayandırdı.

Pegasus-un əməkdaşı da o vaxt AzadlıqRadiosuna demişdi ki, Qəbələ reysləri gözlənən nəticəni verməyib, uçuşlar gəlirli olmayıb. Şirkət də zərər etməsin deyə, reysləri bağlamaq qərarına gəlib. Buna görə də Pegasus 2016-cı ilin martda başlayan uçuşları oktyabrda bağlamalı oldu.

Amma bundan cəmi bir neçə ay sonra 2016-cı ilin dekabrında Azərbaycan Hava Yolları özünün tabeliyində “Buta Airways” şirkətini açıb.

Bu şirkət 2017-ci ilin sentyabrından fəaliyyətdir. Buta Airways öz rəsmi internet səhifəsində qeyd edir ki, Bakı və Gəncə hava limanlarından Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana reyslər var. Şirkət qeyd edir ki, uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85 faiz təşkil edir. Amma şirkətin avropa uçuşları demək olarkı yoxdur.

Bizimlə söhbət edən ekspertlər bir fikirdə ortaq idilər ki, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirmək istəyirsə, inhisarı aradan qaldırmalı, viza rejimini sadələşdirməli, az büdcəli hava yollarının Azərbaycanda işinə şərait yaratmalıdırlar. Bu addımlar atılmasa, Gürcüstan Azərbaycanı bu sahədə geridə qoyacaq.


ETİKET :  

Daha Çox