-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncədə futbolun məhv olmasının günahkarı AFFA-dır”

Cabir İbrahimov “Kəpəz”dəki maliyyə qalmaqalının təfərrüatını açıqladı

23:03:22 | 2019-12-04

"Kəpəz”də baş verən məşhur qalmaqalın 2 ili tamam olur. Gəncə klubunda maliyyə yeyintisinin aşkar olunduğu, Müşahidə Şurasının sədr müavini Mikayıl Nərimanoğlunun futbol təsərrüfatından qovulması ilə nəticələnən olaylar hələ də yaddaşdadır.
Eyni zamanda AFFA-nın mətbuat xidmətinin rəhbəri olan Mikayıl bəyin günahı audit yoxlamalarından sonra təsdiqlənmişdi. Külli miqdarda yeyintinin əsas səbəbkarı kimi Nərimanoğlunun cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilirdi. Lakin sədr müavinin şəriki olduğu deyilən AFFA-nın baş katibi Elxan Məmmədovun sayəsində qalmaqalın üstü örtüldü. Mikayıl bəy canını Gəncədə yeni aldığı evini satmaqla, pulları geri qaytarmaqla qurtardı.
Təsadüfi deyil, yoxlamalardan sonra klubun AFFA-ya borcu olması haqda fakt aşkarlandı. Bütün maliyyə Assosiasiyadan gəldiyi halda yekunda nonsens sayıla biləcək reallıq yaşandı: "Kəpəz”in əlinə baxdığı təşkilata 120 min manat borcu yaranmışdı və həmin məbləğ Mikayıl bəydən alınaraq geri ödənildi.
Əslində, borc daha çox olmalıydı. Yoxlamalar son bir ili əhatə etmiş və baş katibin tapşırığı ilə bir çox məqamlara göz yumulmuşdu. Halbuki 3 illik fəaliyyəti dövründə Nərimanoğlunun təqribən 300-400 min manatın arxasına keçdiyi deyilirdi.
"Kəpəz”in o zamankı icraçı direktoru Cabir İbrahimov "futbolinfo.az”a müsahibəsində yeyintilərin AFFA-dan xəbərsiz olmadığını bir daha dilə gətirib.
GancaPost saytı İbrahimovun müsahibəsindən müəyyən hissələri təqdim edir:
- Əslində, hər şeyi artıq təyinatımdan qısa müddət sonra gördüm. 2 ay sonra - noyabrda Mikayıl Nərimanoğlu ilə ilk ciddi münaqişəmiz oldu. "Kəpəz”in Müşahidə Şurasının sədrinin müavini kimi əsas idarəçi olan bu şəxs AFFA-nın maraqlarını təmin edirdi. Bu qurumdan göndərilmişdi və əsas idarəçi idi.
- Münaqişəyə səbəb nə idi?
- Həm gəncəli, həm də bir idmançı kimi "Kəpəz”ə ürəyim yanırdı. İlk öncə klub işçilərinin durumunu düzəltmək üçün cəhd etdim. Normal büdcə var idi, lakin məşqçilərə, klub işçilərinə layiq olduqları dəyər verilmirdi. Onlara çox kiçik məbləğdə əməkhaqqı verilirdi. Ekipirovkalarla, qidalanmayla bağlı ciddi çatışmazlıqlar var idi. Maliyyə məsələlərində də əyriliklər göz deşirdi, sənədlər stolumun üstündən keçirdi, görürdüm. Məndən əvvəl də olmuşdu, mənim dövrümdə də var idi. Hamısı da Mikayıl müəllimin təzyiqi ilə reallaşırdı. Hadisələr böyüyəndən sonra klubun mühasibi Mənsurə Məmmədova müsahibəsində demişdi ki, Nərimanoğlundan xəbərsiz heç bir iş görməmişəm. Mikayıl müəllimə dəfələrlə irad bildirmişəm, o isə deyirdi ki, bizdə sistem belədir. Ümumi AFFA sistemi bu cür işləyir, rəhbərliyin hər şeydən xəbəri var. Biz məsələləri ictimailəşdirdik, qanunsuz olduğu aydınlaşdı, kimlərsə cəzalandı. AFFA-da, bu qurumun nəzarətindəki klublarda isə eyni proseslər hələ də davam edir və tədbir görən yoxdur.

- Konkret nə?

- Bir çox məbləğlər var idi ki, şişirdilmiş halda yazılırdı. Pullar təyinatı üzrə xərclənmirdi, olmayan xərclər qondarılırdı. Çörəyin qiyməti 50 qəpikdi, bunu hamı bilir, amma onların hesabatında 1 manat 50 qəpik yazılırdı. O tək Nərimanoğlunun günahı deyildi. Mən məsələnin üstünü açdım, danışdım, problemdən xəbərdar oldular. AFFA-nın baş katibi Elxan Məmmədov lazım olan şəxsləri təftişə göndərdi, hər şey dəqiqləşdi, hansısa yollarla qanunsuzluqların üstü açıldı, əyintiləri tapdılar. Bəs, maraqlıdı, AFFA-dan daha öncə gələn audit yoxlamaları hara baxırmış, niyə eyni şeyləri üzə çıxarmırdılar? Bunlar 10-15 ildi bu sahədədilər, niyə mənim şikayətimə kimi hər şeyə göz yumurmuşlar? Nə olsun ki, klub rəsmiləri qol çəkib, axı, siz dəqiq baxmalısız... Maddi maraqmı var?
- Siz səsinizi çıxarmasaydız...
- Nərimanoğlunun dediyi kimi oturub-dursaydım, beləcə də davam edəcəkdi, bəlkə “Kəpəz” Premyer Liqada qalacaq, mən də postumda olacaqdım. Mehribançılıq olacaq, hər şey axarıyla davam edəcəkdi. Lakin hər şey bunların istədiyi kimi olacaqdı. Necə ki, indi AFFA-da, quruma bağlı olan klublarda davam edir. Mehman Allahverdiyevi də Gəncə klubundan uzaqlaşdıran Mikayıl müəllim idi. Mehman müəllim Gəncədə ciddi qüvvədi, Nərimanoğlu paytaxtdan kənarda bəzi həqiqətləri gördü, əlavə qazanc dalınca düşdü. Sonra isə onu kənarlaşdırdı ki, təkbaşına qazansın. Yəqin, aldığı 5000 manat aylıq maaş ona bəs etmirmiş.
- “Kəpəz”də işləməyə-işləməyə adına pul yazılan çox adam var idi?
- Allahverdiyevin vaxtında olmuşdu. Qısa bir müddət.
- Elxan müəllimə şikayəti nə vaxt etdiz?
- 2017-nin sentyabrında. Mikayıl müəllimlə o vaxt bir maliyyə məsələsi üstündə problemimiz yarandı, mən də hər şeyə nöqtə qoymaq qərarına gəldim. Bir menecerin sənədi 2 ay stolumun üstündə qaldı, işə götürülməsinə imkan vermədim. Daha ciddi problemlərimiz var ikən həmin məsələyə ehtiyac duyulmadığını düşündüm. Mənə deyirdi ki, Elxan müəllimin xəbəri var. Sonradan Mənsurə xanım bildirdi ki, artıq cinayəti etmişəm, Nərimanoğlunun tapşırığıyla həmin adamın kartına pul köçürmüşəm. Mən də onun sözü ilə sənədə qol çəkdim, lakin məsələ qaldırdım, o adamın ştatda olması 2 ay sürdü.
- Mikayıl müəllim konkret olaraq maliyyə pozuntusuna görə işdən kənarlaşdırıldı. Araşdırma üçün məsələni siz qaldırmışdız, yəqin, məbləği də bilərsiz: nə qədər vəsaitin arxasına keçilmişdi?
- Dəqiq rəqəm deməyəcəm, amma böyük məbləğ idi. Məqsədyönlü işlər görülmüşdü, büdcədən pul mənimsənmişdi. İdmançıyam, idmançıya da nə lazım olduğunu bilirəm. Məsələn, komanda oyundan sonra “parnoy”a getməli idi, lakin bunun 2 gün ardıcıl edilməsi barədə sənəd hazırlanırsa, pul götürülürsə, deməli, ortada yalan var, bu prosedurun 1 dəfə olması kifayətdi, artığı hətta ziyandı. Və ya iyulda təlim-məşq toplanışı olmuşdu, sentyabrda növbəti toplanış üçün büdcədən 30 min manat silindi. Bu, harada görünüb? Bunu yoxlayanlar nə əcəb belə biabırçılığı görmürdü? Yoxsa onlar da tapşırıqla işləyirmiş?
- Problem də bu kimi məsələlərə görə çıxırdı?
- Bəli. Mən deyirdim ki, həmin pulu uşaq futboluna, infrastruktirin qurulmasına, digər problemlərimizə xərcləyək. Onlar isə yalançı xərclərlə büdcəni şişirdirdilər.
- Amma sənədlərə siz imza atırdız. Deməli, cinayətlərə şərik olurduz...
- Axı, Mənsurə xanım müsahibəsində demişdi ki, hər şey Nərimanoğlunun tapşırığına əsasən edilib. O da bütün məsələlərin Elxan müəllimlə razılaşdırıldığını bəyan edirdi. Mühasib etiraf etmişdi ki, Cabir nə deyirsə desin, Mikayıl müəllim tapşırmadan hər hansı addım atılmırdı. İmzam vardı, lakin günahım olsaydı, çoxdan haqqımda tədbir görülərdi. Məndən əvvəlki rəhbərlik də, sonrakılar da eyni cür işləyib. Maliyyəylə bağlı bütün qərarları AFFA-nın təyin etdiyi rəhbər verib. Deyək ki, mən həqiqətən səhv etmişəm, bəs, bu sənədləri yoxlayanlar niyə pozuntuları aşkara çıxarmırdı? Əksinə, hər dəfə yersiz, şişirdilmiş xərclərlə bağlı mən narazılıq etmişəm, Nərimanoğlu isə “baş katibin xəbəri var” deməklə səsimi kəsib. Bütün bu qanunsuzluqlara Məmmədovun icazə verdiyi deyilir, don geydirilirdi. Güman ki, elə düz deyirdi. Bu qədər məsələ ondan xəbərsiz qala bilməzdi, yəqin, əli varmış.
- Bəlkə də AFFA-nın maliyyələşdirdiyi digər klublarda da Gəncədə aşkarlanan qanunsuzluqlar mövcuddu.
- Əmin olun ki, elədi. Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır. Nərimanoğlu ona irad bildirəndə hər dəfə bildirirdi ki, biz belə işləyirik, hamısında belədi. İsrarla Elxan müəllimin hər şeydən xəbərdar olduğunu, belə işləməyi məsləhət gördüyünü vurğulayırdı. Mən işimi sevdiyimdən məsələlərin üstünü açdım və kənarda saxlandım, o biri klublarda, AFFA-nın özündə isə bu insanlara, yanlış sistemə qarşı çıxan yoxdu, davam edirlər. Elxan müəllimin kim xoşuna gəlirsə, onlar da işləyir.
- “Kəpəz”in indiki durumu necədir?
- İstəsələr, lazım olsa, Premyer Liqaya qaldıracaqlar. Komandada yenə bildiklərini edirlər. Gəncəli uşaqların çoxu işsizdir, məcburiyyətdən taksi sürür, bunlar isə səviyyəsi yüksək olmayan uşaqlar gətiriblər, maaşı onlara verirlər. Paytaxtdan gətirilənlər yüksək, yerlilər onun 50 faizini alır, ayrıseçkilik edirlər. Halbuki oyunçular səviyyə baxımından fərqlənmir. İndi deyirlər ki, futbolçu yoxdur. Olmayacaq da, hansı şəraiti yaradırsız ki, yeni nəsil yetişsin?
- O hadisələr vaxtı problemdən xəbəri olub, susan insanlar var idimi?
- Məndən əvvəlki rəhbərlik, yəni, Mehman Allahverdiyev.
- Allahverdiyev Nərimanoğlunun sözünə baxırdısa, onu niyə çıxardılar?
- Baxmırdı da. Mən ailəmi dolandıracaq qədər məvacib alırdım, Mehman müəllim isə ağsaqqal adamdır, böyrü-başı, ətrafı var, o, daha çox qazanmaq istəyirdi. Heç bir iş görülmürdü, pul “xərclənirdi”, amma nəyə xərcləndiyi görünmürdü. Stadion ərazisində, koridorlarda cəmi bir lampa yanırdı, heç bir təmizlik işi aparılmamışdı. Mən ilk vaxtlar 48 yük maşını zibil daşıtdırdım. Əvvəllər onlar da edib, amma sponsorun hesabına. Eləyib, özlərinə də gözəl şərait qurublar. Mənim dövrümdə isə ancaq işçi heyəti düşündük, məşqçilərin, digər əməkdaşların maaşını qaldırdıq, cibimizə qoymadıq. Onu da elətdirmək üçün hər dəfə Nərimanoğluyla davaya çıxırdım.
- Şahin Diniyevin də məsələlərdə adı hallanırdı.
- O baş məşqçi, əmrə tabe adam idi. Nə deyirdilərsə, onu etməyə məcbur qalırdı. İşiylə, bacarığıyla seçilirdi.
- Həmin vaxt “Kəpəz”in büdcəsi nə qədər idi?
- Açıqlamayaq. Amma səsləndirilən qədər deyildi, daha çox idi.
- Bütün problemləri Nərimanoğluya deməkdənsə, həlledici məqamda gəlib Məmmədova şikayət etməkdənsə, Gəncədə həll etmək olmazdı? Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev var idi. Əslində, hər şeyi müşahidə etməli olan qurumun rəhbəri...
- Şikayət etdiyim vaxtlar olub. Lakin Mikayıl müəllim onu da inandıra bilirdi. Həm də maliyyə AFFA-nın əlində idi, Nərimanoğlu söz haqqını özündə saxlayırdı. Baş katibə şikayət etməyim də başqa seçimin olmamasına görə idi. Mən hər şeyi üzə çıxartdırandan sonra Vəliyev də təəccübləndi.
- Mikayıl müəllim qovulandan sonra “Kəpəz”də nə qədər işlədiz?
- 6 ay. Elmir müəllimin də istəyi oldu ki, icraçı direktorluqdan çıxım, stadion direktoru kimi fəaliyyət göstərim. 2018-in aprelində futboldan birdəfəlik uzaqlaşdım. “Kəpəz”in sonrakı rəhbərliyi ilə işimiz alınmadı. Doğrusu, klub inzibatçısı ilə kiçik münaqişə oldu, o işdən çıxarıldı, rəhbərlik mənə də “artıq danışırsan” deyib, vidalaşdı.
- Gəncə stadionunun qazonu yeniləndi. O məsələdə də maliyyə maxinasiyaları var idi?
- Doğrusunu bilmirəm, lakin şübhəli məqamlar var idi. Araşdıran olsa, çox məsələ üzə çıxar. Həmin vaxtın qiymətlərini sənədlərdə əks olunanlarla müqayisə etsələr, nələrsə taparlar.
- “Kəpəz”in indiki rəhbəri nə iş görür?
- Bakıdan gələn əmrləri yerinə yetirir.
- Gəncədə yaxşı məşqçi yoxdumu kluba Yaşar Vahabzadəni təyin ediblər?
- Azər Məmmədov, Vasif Vəliyev Bakıda işləyir. Əvvəlki məşqçi də normal fəaliyyət göstərirdi, lakin bunlara öz adamları lazımdır. “Kəpəz”də bu dəqiqə elə adamlar var ki, işdən anlayışı yoxdur, öz adamlarıdır deyə maaş alır.
- Bu gün Gəncədə uşaq futbolunda vəziyyət necədir?
- Bərbad. Yadıma düşmüşkən deyim: Allahverdiyev klubda işləyən vaxt stadion ərazisinə atılan plastik su qabları yığılır, yuyulur, içinə adi su doldurulurdu. Sonra isə həmin su qida kimi səfərə gedən uşaqlara paylanırdı. Mən isə onsuz da xərc kimi ayrılan, amma ciblərə gedən pulu təmiz su alınmasına yönəltdim. Büdcə var idi, dağıdılırdı, əziyyətini sağlamlıqları riskə atılan uşaqlar çəkirdi. Mən kluba gələndən sonra xeyli işçinin maaşını artırdıq, büdcə də böyümədi. O zaman maraqlıdı: bəs, əvvəllər həmin pul hara, kimin cibinə gedirdi? Ən böyük günahkar bu insanlara güvənən, onların fəaliyyətini yoxlayanlardı. Onlar problemin şişməsini, partlamasını gözlədilər, sonra da gəlib üstünü örtdülər. Məni ən çox narahat edən veteranların susmasıdı. Şikayətlənirdilər, işlə təmin olunan kimi susdular. Halbuki onların qabartdıqları problemlər olduğu kimi qalıb. Dəyişən yalnız onların maaş almasıdı.
- Və regionlarda futbolun durumu acınacaqlıdır...
- Bölgələrdə futbolun məhv olmasının birbaşa günahkarı AFFA-dır. Heç bir iş görmürlər, gördükləri də reklam xarakterlidir. Tovuzda guya akademiya açırlar. Cəmi bir meydançayla akademiya olar? Niyə yalançı görüntü yaradırlar? Həm də Gəncə mərkəzdir, bəlkə bu şəhərdə eyni addımın atılması daha effektli olardı?
İbrahimovun müsahibəsini elə onun sualı ilə bitiririk. Görək, cavab verən tapılacaqmı?


ETİKET :  

Daha Çox