-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Yunis Səfərovun məhkəmə prosesi keçirilib

Yunis Səfərovun məhkəmə prosesi davam etdirilib.

15:31:38 | 2020-01-16

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış sui-qəsd törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.

Prosesdə vəkil Bəxtiyar Hacıyevin təqsirləndirilən Yunis Səfərovun müdafiəsinə qoşulduğu elan edilib.

Təqsirləndirilən şəxslər və vəkillər prosesin auido və video çəkilişlə aparılması ilə bağlı vəsatət veriblər, lakin vəsatət təmin edilməyib.

Öz növbəsində müttəhim Firudin Zeynalov dövlət tərəfindən təyin olunan vəkildən imtina edib. O məhkəmədən xahiş edib ki, media nümayəndələrinin zalda çəkiliş aparmasına şərait yaradılsın. Lakin vəsatət təmin olunmayıb.

Müttəhim Cəfər Zalov da dövlət tərəfindən təyin olunan vəkil Yeganə Məmmədovadan imtina edib.

Daha sonra vəkillər hakimlərə etiraz ediblər. Bildiriblər ki, hakimlər onların prosesual hüquqlarını pozur və vəsatətləri təmin etmir. Onlar məhkəməyə etiraz bağlı vəsatət vermək üçün məhkəmədən vaxt istəyiblər.

Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev işlə tanış olmadığını və ona vaxt verilməsini istəyib.

Sonra Y.Səfərov audio və videoçəkiliş  ilə bağlı vəsatətin təmin olunmamasına etiraz edib.
“Son 30 ildə Azərbaycanda heç kim məmuru öldürməyə cəhd etməyib. Bu məsələ bizim xalqı maraqlandırır”, - o deyib.

Lakin hakim onun sözünü bitirməsinə imkan verməyib, mikrofonu söndürüb.

Sonra Yunis Səfərovun dövlət tərəfindən təyin olunan vəkili Elmar Ağayev prosesdə iştirakdan imtina edib.

Y.Səfərov bildirib ki, 1 il 5 aydır ki, telefonla danışmasına və ailə üzvləri ilə görüşünə  icazə verilmir. “Əgər hüquqlarım təmin olunmursa, bu məhkəmə nə qədər ədalətli ola bilər?”, - o qeyd edib.

Müttəhim C.Zalovun vəkili İlqar Rüstəmov bildirib ki, müdafiə etdiyi şəxs və digərləri dövlət tərəfindən təyin olunan vəkillərdən imtina edirlər, amma məhkəmə bunu qəbul etmir. O, məhkəməyə etiraz edib.

Sonra vəkil Cavad Cavadov digər vəkillərin adından da hakim heyətinə etiraz edib.

Proses fevralın 17-də davam etdiriləcək. 

Qeyd edək ki, cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.


ETİKET :  

Daha Çox