-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Universitetlə Gəncə sakini arasında qazanxana davası

Universitetlə Gəncə sakini arasında qazanxana davası

21:12:27 | 2019-12-01

Gəncə Dövlət Universiteti ilə bu şəhərin sakini Xəzər Kazımov təhsil ocağının korpuslarından birinin yaxınlığındakı ərazi və orada yerləşən qazanxanaya görə çəkişir. Universitet rəhbərliyi iddia edir ki, o torpaq sahəsini Təhsil Nazirliyi Universitetin balansına verib.

GancaPost saytı AzadlıqRadiosu-na istinadən xəbər verir ki, X.Kazımov deyir ki, o ərazi də, üstündəki tikili də 15 ildən çoxdur onun istifadəsindədir. Onun sözlərinə görə, ora əvvəllər zibilxana olub, özü xərc çəkib, oranı təmizlətdirib.

Tərəflər məhkəmədə bir-birinə qarşı iddia qaldırıblar. Universitet rəhbərliyi tələb edir ki, mübahisəli ərazidəki 73-metrlik hasar sökülsün, X.Kazımov 4 min kvadratmetrlik torpaq sahəsindən və orada yerləşən qazanxananın ərazisindən məcburi çıxarılsın.

X.Kazımov isə əksinə, tələb edir ki, sözügedən əmlaka istifadə hüququ tanınsın, indiyədək çəkdiyi xərclərə görə də Gəncə Dövlət Universitetindən 80 min manat tutulub, ona ödənilsin.

Gəncə Dövlət Universitetinin nümayəndəsi Günay Şirinova deyir ki, təhsil nazirinin 30 dekabr 2014-cü il tarixli 1304 saylı əmriylə Azərbaycan Müəllimlər İnstitutu ləğv ediləndə Gəncə filialının balansında olan vəsaitlər Gəncə Dövlət Universitetinə verilib. O vəsaitlərin sırasında 296.5 kvadratmetrlik həmin qazanxana da olub. Nümayəndə iddia edir ki, qazanxananı və həmin obyektin ərazisindəki torpaq sahəsini X.Kazımov zəbt edib.

X.Kazımov isə bildirib ki, əvvəllər Müəllimlər İnstitutunun Gəncə filialının, hazırda isə Gəncə Dövlət Universitetinin balansında olan torpaq sahəsi, qazanxana 2003-cü ildən onun istifadəsində olub: «O ərazi zibil tullantıları ilə dolu idi. Öz hesabıma oranı təmizlətdirmişəm. Qazanxana nə vəziyyətdə idi, oranı mən təmir etdirmişəm, dam örtüyünü yeniləmişəm. Əraziyə hasar çəkdirmişəm. Bu işlərə 80 min manat pul xərcləmişəm».

Mübahisə predmeti olan qazanxana ilk dəfə 1972-ci ildə istifadəyə verilib.

Məhkəmə əraziyə çəkilən xərclərlə əlaqədar ekspertiza da təyin edib. Ekspert belə nəticəyə gəlib ki, 73-metrlik hasarın çəkilməsinə, 4 min kvadratmetr torpaq sahəsində və orada yerləşən qazanxana ilə əlaqədar təmir-tikinti işlərinə təxminən 63 min 565 manat vəsait xərclənib.

Ancaq Gəncə İnzibati-İqtisadi Məhkəməsi çəkilən vəsaitin ödənilməsini uyğun saymayıb. Məhkəmənin qərarı belə olub ki, ərazi Gəncə Dövlət Universitetinin balansındadır və X.Kazımov oranı zəbt etdiyinə görə çəkdiyi xərclər də ona ödənilməməlidir. Məhkəmə X.Kazımovun ərazidən çıxarılmasına qərar verməklə yanaşı, onun üzərinə hasarı sökdürmək öhdəliyi də qoyub.

X.Kazımov bu qərardan apellyasiya şikayəti verəcək.


ETİKET :  

Daha Çox