-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Nizaminin şəhərində tarixdən əsər-əlamət qalmayıb” - Kinorejissor

"Gəncədə yaxşı restoranlar və “Xruşovka” binalarından başqa 1500-2000 ilin abidəsi yoxdur"

01:02:49 | 2019-11-11

Müasir dövrdə bir çox ölkələrin kinematoqrafiyaları öz tarixlərini, abidələrini, mədəniyyətlərini ökələrində və dünyada təbliğ etmək üçün tarixi film janrına tez-tez müraciət edir. Lakin Azərbaycanda keyfiyyətli və səs-küy yarada biləcək tarixi filmlər ərsəyə gətirilmir. Ən yaddaqalan və hələ də izlənilən yerli filmlər isə “Azərbaycanfilm”in SSRİ dönəmində çəkdiyi filmlərdir.

Yerli film və serial istehsalı üçün dövlət tərəfindən ayrılan maddi vəsaitlər isə, əsasən bayağı seriallara və komediya filmlərinə sərf edilir. Milli-mənəvi dəyərlərimizdən, tariximizdən bəhs edən filmlər isə yox dərəcəsindədir. Geridə, bir neçə sənədli filmlə tamaşaçını aldatmaqla keçən zaman var.

Ümumiyyətlə, tarixi filmlərin çəkilməməsi bir yana, Azərbaycan tamaşaçısı, kifayət qədər zəngin və əhəmiyyətli tarixə malik olan, hazırda isə dağılıb xaraba qalan abidələr haqqında da yerli filmlərin üzünə həsrət qalıb. Belə olan halda nəinki dünya, hətta yeni nəsil Azərbaycan gənci də öz tarixini və milli-mənəvi dəyərlərini unudacaq.

Bəs nə üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tariximizdən bəhs edən filmlər çəkilmir? Kimdir müqəssir?

GancaPost saytı xəbər verir ki, “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri, kinorejissor Tahir Tahiroviç AYNA-ya açıqlamasında, Azərbaycanda zəngin tarixə malik olan abidələrin az olduğunu bildirib: “Aya Sofya”, “Sultan Əhməd”, “Kreml”, “Paris Notr-Damm” kimi zəngin tarixə malik olan abidələr Azərbaycanda, demək olar ki, yoxdur”.

Rejissor, bununla bağlı başına gələn bir hadisəni də diqqətə çatdırıb: “Təxminən 10 il bundan əvvəl Bakıya Sloveniyadan televiziya texnikası üzrə mütəxəssis qonaq gəlmişdi. Orta Asiyada, Gürcüstanda yeni televiziya texnologiyalarının satışı ilə məşğul idi. ARB televiziyasında çalışdığım üçün, onu birbaşa ARB-nin texniki qərargahı sayılan Gəncə şəhərinə apardım. O, yolboyu “Vikipediya”dan çıxarılmış vərəqlərə baxır, müxtəlif insanlarla tez-tez əlaqə saxlayır və Azərbaycanın ən qədim şəhərinə getdiyini deyirdi. Nə barədə danışdıqlarını soruşanda, qalalardan, abidələrdən sitat gətirdi və Nizami Gəncəvinin şəhərinə gəldiyi üçün sevindiyini bildirdi. Mən isə deyə bilmədim ki, Gəncədə yaxşı restoranlar və “Xruşovka” binalarından başqa 1500-2000 ilin abidəsi yoxdur. Yəni Nizami Gəncəvinin şəhərində, Atabəylər dövlətinin paytaxtında tarixdən əsər-əlamət qalmayıb. Mən onu Gəncədən aldadaraq çıxartdım. Təəssüf ki, göstərməyə qala və ya abidə tapmadım”.

“Düşünürəm ki, gələcəkdə tarixi janrda olan filmlərə müraciət olunacaq. Sadəcə indi maliyyə və idarəçilik buna qətiyyən imkan vermir. Bu işdə televiziya rəhbərlərinin də günahı var. Hətta bir dəfə Mikayıl Müşviq haqqında serial çəkilməsi üçün təşəbbüs irəli sürmüşdük. Ssenari də hazır idi. Lakin televiziya rəhbərləri bu mövzunun tamaşaçıya maraqlı olmayacağını bildirdilər. Halbuki Azərbaycan tamaşaçısı kinoya da, teatra da böyük hörmət və sevgiylə yanaşır”, - deyə T.Tahiroviç gileylənib.


ETİKET :  

Daha Çox