-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə “FANTAZİA” Mədəni İrs Festivalı keçirilib

Gəncədə II "FANTAZİA" Mədəni İrs Festivalı çərçivəsində tədbirlər keçirilib.

00:58:44 | 2019-11-10

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən II “FANTAZİA” Mədəni İrs Festivalı çərçivəsində ilk olaraq Gəncədə rəsm və sərgi təşkil olunub.

GancaPost saytı xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində baş tutan sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis, Niderlandın Azərbaycandakı səfiri Onno Kervers, Moldovanın Azərbaycandakı səfiri George Luka, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən II “FANTAZİA” Mədəni İrs Festivalının bir hissəsi olmaq olduqca sevindirici haldır: "Azərbaycan zəngin mədəni irsə sahib olan bir ölkədir. Bu zənginliyin yaşadılması isə olduqca vacibdir. Mədəni irsinin qorunması, həmçinin dünya irsinin mühafizəsinə dəstəyin göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir".

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis çıxış edərək II “FANTAZİA” Mədəni İrs Festivalı barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “FANTAZİA” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır: "Festival çərçivəsində konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər keçirilir. Belə tədbirlərdən bir neçəsi də qədim və zəngin mədəniyyətə sahib olan Gəncədə keçirilir".

Sərgidə “Qara Bakı, Ağ Bakı” adı altında Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin lentə aldığı foroşəkillər, Moldovalı rəssam Vasil Botnarunun rəsm əsərləri, həmçinin Vladimir Çikinin müəllifi olduğu və Tacikistanda lentə alınan “Balet və şəhər” adlı fotolar nümayiş olunub.

Niderlandın Azərbaycandakı səfiri Onno Kervers bildirib ki, lentə aldığı ağ-qara şəkillərdə Bakının qədim və müasir binaları əks olunub. Bu fotolar ararsında Bakı hamamının mühafizə olunan “FANTAZİA” binasının da şəkilləri var. Fotoşəkillər qədimliyi qoruyaraq müasirləşə biləcəyimizi nümayiş etdirir.

Moldovanın Azərbaycandakı səfiri George Luka moldovalı rəssam Vasil Botnarunun əsərlərindən söz açıb. O bildirib ki, nümayiş olunan rəsm əsərlərinin özəlliyi onların şərab və qəhvə ilə çəkilməsidir: “Lakin bu rəsmlərin unikallığı, sadəcə, rəssamın istifadə etdiyi texnikada deyil, həm də onun müraciət etdiyi mövzulardadır. Bu əsərlərdə Moldovanın təbiətini, tarixini, mədəniyyətini görmək olur”.

Daha sonra sərgi iştirakçıları nümayiş olunan rəsm əsərləri və fotolarla tanış olublar.

Festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında məşhur AEDOS mahnı kollektivi Gəncədə konsert proqramı ilə çıxış edib.

Konsert proqramından əvvəl çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis II “FANTAZİA” Mədəni İrs Festivalının bir hissəsinin Gəncədə keçirildiyindən məmnun olduğunu bildirib. O qeyd edib ki, bu konsert festival çərçivəsində Gəncədə reallaşan ikinci tədbirdir.

Sonra AEDOS mahnı kollektivinin ifasında Yunanıstanın müxtəlif dövrlərinə aid mahnılar səsləndirib.

Festivalın sonunda isə Gəncədə yerləşən "Art Garden Ganja" məkanında “Sunu” Meksika və “Cricova - The living legend of Moldova” adlı filmlərinin nümayişi olub.


ETİKET :  

Daha Çox