-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənilər Nizaminin məqbərəsinə saxta daşları necə qoymuşdular?

Putinə hərdən Kikabidzenin zarafatını xatırlatmaq lazımdır...

23:07:25 | 2020-11-20

Rus, erməni jurnalistlər ermənilərin Kəlbəcərdən, Ağdamdan çıxması haqqında reportajlar hazırlayır, qəmli musiqi fonunda “onlar doğma yurdlarını tərk edəndə yandırıb gedirlər” deyib, elə səhnə yaradırlar ki, bilməyənlər fikirləşir ki, erməniləri zorla “doğma” yerlərindən çıxmağı tələb edirlər.
Jurnalistin birinin də ağzından çıxmır ki, bura nə vaxt gəlmisən, əvvəllər harda yaşamısan, bu yerlərə gəlib məskunlaşanda bilirdinizmi ki, bura Azərbaycandır, nə vaxtsa onlar torpaqlarının sahibi olacaqlar. Üç il əvvəl də bir qrup rusiyalı jurnalist Kəlbəcərə səfər etmişdilər və orada məskunlaşan Yervand adlı birindən soruşurlar ki, nə vaxtdan burda yaşayırsan? Yervand cavab vermişdi ki, “21 ildi burda yaşayıram, burda mənim oğlum dünyaya gəlib, indi onun 19 yaşı var və heç kim məni burdan çıxara bilməz”. Yervandlar çıxdı, amma saxta erməni tarixlərini – guya qədim baş daşlarını, “xaçkar” deyilən daşları göstərib deyirlər ki, tariximiz burda qaldı və Rusiya gərək onu qorusun - Dadivank dedikləri alban monastırı kimi.
Sosial şəbəkədə bir xəbər yayıldı ki, “Azərbaycan Ordusu Kəlbəcərdə “qədim erməni tarixi” istehsal edən emalatxana aşkar edib. Erməni ustalar daş üzərində qədim ornament və xaç yonur, ona qədimi görünüş vermək üçün sirkədə saxlayıb, oksidləşdirirlər. Sonra isə daşları torpağa basdırır və bir müddət sonra artıq “tarixi olmuş əsərləri” üzə çıxarırlar”.
Bu xəbər özümün şahid olduğum bənzər bir hadisəni xatırlatdı. Ermənilərin bu daş işlərində saxtakarlıqları yeni məsələ deyil.. 1989-cu uldə Gəncədə işləyirdim. Nizami Gəncəvinin məqbərəsində yenidənqurma işləri aparılırdı. Köhnə məqbərə sökülüb yenisi ilə-indi mövcud olan məqbərə ilə əvəz olunurdu. Şairin qəbri Şıx düzü adlanan yerdə - şəhərin şərq qapısındadır və burda qazıntı işləri aparılırdı. Günorta vaxtları idi, rəisimiz Mikayılov məni yanına çağırıb dedi ki, məqbərəyə get, orda nəsə tapılıb, gör nə məsələdi. Məqbərəyə gəldim və işləyən fəhlələr mənə yastı, çox da böyük olmayan bir daş göstərdilər. Daşın üzərində erməni əlifbası ilə bir cümlə nəsə yazılmışdı. Tikintidə çalışan fəhlələrdən biri Ermənistandan qaçqın düşənlərdən idi və erməni dilini, əlifbasını bilirdi. Daşın üstündə yazılanları oxudu: ”Burda qusan yatır” (qusan erməni dilində aşıq deməkdir). Daşı götürüb şəhərin memarlıq idarəsinin müdiri və yeni salınan kompleksin müəllifi Fərman İmamquliyevin yanına gəldim. Fərman müəllim yaşlı adam idi və onun müəyyən məlumatlara malik olduğunu fikirləşib daşı göstərdim. Bir xeyli daşa baxndan sonra ilk sözü bu oldu: ”Daşın üstü əllə yox, texniki vasitə ilə, incə şəkildə cızılıb. Elə bil, daşı diş həkiminin dişyonan aparatı ilə cızıblar”. Əlavə etdi ki, Sərkisovun işi olacaq. Sonra dedi ki, mənə iki gün vaxt verin, bəzi sənədlərə baxmalıyam. İki gün tamam olmamış zəng etdi, otağında yenidən görüşdük. Bir yığın qovluq vardı stolun üstündə. Rus dilində yazılmışdı. Fərman müəllim dedi ki, Nizaminin 800 illik yubileyi ərəfəsində 1940-cı ildə tikintisi başlamış, amma müharibəyə görə yarımçıq qalmış bu məqbərənin arxitektorlarından biri erməni Sərkisov olub. 1946-47 ci illərdə tikinti davam etmiş və Sərkisov tikintiyə “prorab” dediyimiz bir neçə iş icraçılarını da erməniləridən təşkil edib. Sənəddə adları da var. Çox güman ki, Sərkisovun göstərişi ilə bu daşı yazıb ora atıblar. 
Yadıma həm də məşhur gürcü müğənnisi Vaxtanq Kikabidzenin erməni aktyor Frunzik Mkrtıçyanla etdiyi zarafat düşdü. Kikabidze gecə saat 4-də Mkrtıçyana zəng vurur: “Bilirsən, indi “Qolos Amerika” ermənilər haqqında nə dedi? Dedi ki, Dilicanda qazıntı zamanı belə bir yazı tapıblar: ”erməni komsomolunun 500 yaşına”. Mkrtıçyan da zarafatından qalmayıb: ola bilməzdi ki, amerikalılar bunu gündüz saat 12-də deyəydi”
İndi azad edilmiş yerlərdə guya xristian məbədlərinin qeydinə qalmaq məsələsinə önəm verən Putinə hərdən Kikabidzenin zarafatını xatırlatmaq lazımdır.
 
İlham İsmayıl


ETİKET :  

Daha Çox