“Elmar Vəliyev heç nə bilmir, özünü də tanımır”

Gəncənin keçmiş İcra başçısı Elmar Vəliyev ona qarşı sui-qəsdlə bağlı cinayət işində zərərçəkmiş qismində tanınsa da, nə istintaqda ifadə verib, nə də məhkəməyə gəlir. Bu olaya görə həbs olunan Yunis Səfərov və digər təqsirləndirilən şəxslər, onların vəkilləri isə E.Vəliyev də daxil, bütün zərərçəkmişlərin məhkəmədə iştirakını tələb edirlər.
"Dindirmələrə zərərçəkmişlərdən başlansın. Zərərçəkmiş qismində tanınan şəxslərin hamısı, o cümlədən Elmar Vəliyevin də məhkəmədə iştirakı təmin olunsun. Elmar Vəliyev hadisənin iştirakçısıdır, cinayət işi onun üzərində qurulub. Onun dindirilməsi vacibdir. Vəsatətimiz də budur ki, Elmar Vəliyev bura gəlib ifadə versin. Məhkəmənin göstərişinə əməl etmək hər kəsin borcudur", - vəkillər məhkəmədə bu vəsatəti qaldırıblar.
E.Vəliyev zərərçəkmiş qismində tanınsa da, istintaq zamanı da dindirilməyib. Prokurorluğa ərizə təqdim olunub ki, onun səhhətində problemlər var, ifadə vermək iqtidarında deyil.
E.Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov sabiq icra başçısının səhhətində ciddi problemlər olduğunu, bu haqda istintaqda da arayış təqdim etdiyini deyib. Onun sözlərinə görə, E.Vəliyev baş verənləri dərk etmək iqtidarında deyil: "Elmar müəllim nəyin nə olduğunu bilmir. O, heç özünü tanımır".
Vəkil əlavə edib ki, E.Vəliyev hazırda Türkiyədə müalicədədir.
İcra başçısını və onu mühafizə edən polis əməkdaşını güllələməkdə suçlanan Yunis Səfərov həbs olunandan indiyədək ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, müxtəlif dövlət orqanlarına şikayətlər göndərsə də, nəticəsi yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bu məsələnin onlara aidiyyəti yoxdur, saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi cavabdehdir. Hakim əlavə edib ki, Y.Səfərov hüquqlarının pozulması ilə əlaqədar təcridxananın yerləşdiyi rayon məhkəməsinə müraciət edə bilər.
Y.Səfərov belə cavab verib: "Məhkəməyə də müraciət eləmişəm, baxmadılar. Hər yerə müraciət eləmişəm. Hətta karantin vaxtı gedib toyda oynayan Ombudsmana da...".
Məhkəmə prosesi oktyabrın 22-də davam edəcək. (AzadlıqRadiosu)
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay