-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Avropa İttifaqının dəstəyi ilə Gəncədə sənaye emalatxanası açılıb

Gəncə Peşə Təhsili və Təlim Məktəbində sənaye emalatxanası açılıb.

23:55:38 | 2019-07-10

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Gəncə Peşə Təhsili və Təlim Məktəbində ilk sənaye emalatxanası açılıb.

GancaPost saytı xəbər verir ki, Aİ-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, Gəncədə həyata keçirilən layihənin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və xüsusən də Gəncədə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, eyni zamanda tələbələrin peşə təhsilinə qəbulu və iştirakını genişləndirmək, habelə bu rayonlarda peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdan ibarətdir.

Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin Rəhbəri xanım Simona Gatti qeyd edib ki, “Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə, bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcəkdir. Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcəkdir”.

Bir müddət əvvəl, əmək bazarının qiymətləndirilməsi aparıldıqdan sonra, Azərbaycanın sənaye mərkəzlərindən biri kimi tanınan Gəncə üçün prioritet sahələr kimi Mərkəzin altı əsas fəaliyyət sahəsi müəyyənləşdirilib. Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır. Tələbələr altı ixtisasdan biri üzrə gələcək karyeralarını qurmaq  və yeni açılan emalatxanada gələcəkdə əmək fəaliyyətində rastlaşacaqları avadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.

Gəncədə həyata keçirilən layihə BMTİP-nin də qismən maliyyələşdirilməsi daxil olmaqla, bütövlükdə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP-nin Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx tərəfdaşlıq şəraitində icra etdiyi  “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” üzrə daha geniş proqramın bir hissəsidir. Proqramın başlıca meyarı Azərbaycanın iki şəhərində - qərbdə Gəncə və cənubda Cəlilabadda peşə təhsili və inkişaf potensialını gücləndirməkdir. Ümumi hesabla, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı bu proqramın maliyyələşdirilməsinə 3,463,531 ABŞ dolları məbləğində vəsait ayırıb, burada Avropa İttifaqının maliyyə dəstəyi 3,117,178 ABŞ dolları təşkil edir. BMTİP-nin bu layihəyə ayırdığı vəsait isə 346,353 ABŞ dolları məbləğindədir. Təkcə Gəncədə, layihənin icrasına 1,600,000 avro ayrılıb.


ETİKET :  

Daha Çox